Tanker kruiz gəmisinə çırpıldı - Xəsarət alanlar var - Anbaan video

tanker-kruiz-gemisine-cirpildi
Oxunma sayı: 807

ABŞ-nin Luiziana ştatında Missisipi çayında lövbər salmış 129 nəfərlik kruiz gəmisi tankerlə toqquşub.

“Qafqazinfo” xəbər verir ki, “Atlantic Asphalt” adlı tanker günorta saatlarında sərnişinləri sahilə düşürmək üçün dayanmış “American Cruise Lines” şirkətinə məxsus “American Heritage” kruiz gəmisinə çırpılıb.

Toqquşmanın təsirindən göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 129 nəfərin olduğu kruiz gəmisi zədələnərək sürətlə su almağa başlayıb. Qəzadan dərhal sonra gəminin içərisində sıxışıb qalanları və suya düşənləri təxliyə etmək üçün genişmiqyaslı xilasetmə əməliyyatına start verilib.

Sosial şəbəkələrdə yayılan kadrlarda kruiz gəmisinin toqquşmadan sonra sürətlə bir tərəfə əyildiyi, suya düşən bəzi sərnişinlərin isə xilas olmaq üçün suyun səthindəki pontonlara və üzən əşyalara tutunmağa çalışdığı görünür. Hadisə yerinə cəlb olunan xilasedici qüvvələr sərnişinlərin təhlükəsiz əraziyə çıxarılması istiqamətində işlərini davam etdirir.

***

BBC-nin məlumatına görə, Missisipi çayında yük gəmisi ilə toqquşan “American Heritage” kruiz gəmisi yan üstə aşıb. Operativ xilasetmə əməliyyatı sayəsində gəmidəki təxminən 130 nəfərin hamısı sağ-salamat xilas edilib.

“Atlantic Asphalt” yük gəmisi ilə toqquşma zamanı gəmidə 129 sərnişin və ekipaj üzvləri olub. Hadisə nəticəsində 32 nəfər yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib, itkin düşən şəxs yoxdur. Şahidlər qəzanı “Titanik” səhnəsinə bənzədiblər.

ABŞ Sahil Mühafizəsi ilkin ehtimala görə qəzaya idarəetmə sistemindəki nasazlığın səbəb olduğunu bildirib.