“Sülh körpüsü”nün V görüşü - Nələr müzakirə olundu?

sulh-korpusunun-v-gorusu
Oxunma sayı: 302

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə “Sülh körpüsü” təşəbbüsü çərçivəsində V görüş keçirilib.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, görüş çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan, Azərbaycan və Ermənistan ekspert qruplarının koordinatorları Fərhad Məmmədov və Areq Koçinyan jurnalistlərin suallarını cavablandırıblar.

A. Simonyan dekabrda Azərbaycana səfəri zamanı müzakirə olunacaq məsələlərin gündəliyinin əvvəlki görüşlərdən ciddi şəkildə fərqlənməyəcəyini bildirib. O, Azərbaycanla iqtisadi əməkdaşlığın Ermənistanı beynəlxalq təşkilatlar üçün daha cəlbedici edə biləcəyini vurğulayıb:

“Ermənistan və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri yoldur”.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini​ Fərhad Məmmədov isə iki ölkənin cəmiyyətləri arasında dialoqun davam etdirilməsini və iştirakçıların sayının artmasını nailiyyət kimi qiymətləndirib:

“Biz elə bir mərhələyə çatmışıq ki, bizim üçün qapalı mövzular yoxdur. Bir-birimizə suallar verə və cavab ala bilirik. İki saat ərzində Ermənistan Təhlükəsizlik Şurasının katibinə suallar ünvanladıq”.

Azərbaycanlı ekspert görüş çərçivəsində altı tematik komissiyanın fəaliyyət göstərəcəyini, iqtisadiyyat, ekologiya, infrastruktur, humanitar məsələlər və media sahələri üzrə təkliflərin hazırlanacağını bildirib.

Areq Koçinyan isə təşəbbüsün danışıqlar prosesi deyil, vətəndaş cəmiyyətləri arasında dialoq formatı olduğunu vurğulayıb:

“Məqsəd keçmişi unutmaq və ya tarixi dəyişdirmək deyil, Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülh şəraitində yaşaya biləcəyi yeni reallıqlar yaratmaqdır”.

Koçinyan azərbaycanlı nümayəndələrin çoxsaylı sualları səbəbindən Simonyanla görüşün nəzərdə tutulduğundan daha uzun çəkdiyini də bildirib.

Qeyd olunub ki, təşəbbüs çərçivəsində növbəti müzakirələr tematik komissiyalarda davam etdiriləcək.