Aprelin 17-də Şəki Şəhər İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda toplantı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhər icra hakimiyyətinin məsul şəxsləri, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Elxan Usubov Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.
Sonra Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova mövzu ilə bağlı geniş məruzə edib.
Qeyd olunub ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirin sonunda Ulu Öndərin xatirəsinə həsr olunmuş sənədli film nümayiş olunub.