Şahzadə viza probleminə görə Britaniyaya qayıdıb?

sahzade-viza-problemine-gore-britaniyaya-qayidib
Oxunma sayı: 247

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı və övladları ilə birlikdə ABŞ-dən Böyük Britaniyaya qayıtmasının səbəbinin viza problemi olduğu iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, Kral III Çarlzın kiçik oğlu ABŞ vizasının müddətinin başa çatması və onun uzadılmasına zəmanət verilməməsi səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalıb. İddia olunur ki, buna şahzadə Harrinin 2023-cü ildə nəşr olunan “Ehtiyat” adlı memuarında gənclik illərində müxtəlif narkotik vasitələrdən istifadə etdiyini etiraf etməsi səbəb olub. Onun ABŞ-yə giriş sənədlərini rəsmiləşdirərkən bu faktı qeyd etmədiyi bildirilir.

Şahzadənin hansı növ vizaya malik olduğu məlum olmasa da, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı ailənin Britaniyaya qayıtmasının viza problemi ilə əlaqəli ola biləcəyini bildirib.

Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın nümayəndələri isə “Newsweek” jurnalına açıqlamalarında sözügedən iddianı təkzib ediblər:

“Page Six” nəşrinin məqaləsində viza ilə bağlı yer alan məlumatlar tamamilə yalandır”.

Xatırladaq ki, şahzadə Harri və Meqan Markl avqustun sonunda Böyük Britaniyaya qayıdıblar. Onlar şəhərkənarı şəxsi iqamətgahda məskunlaşıb, övladlarını isə Britaniyada məktəbə yazdırıblar.