Saatlıq əməkhaqqı aylıq maaşdakı tarifdən - Yüksək müəyyən ediləcək

saatliq-emekhaqqi-ayliq-maasdaki-tarifden
Oxunma sayı: 3367

“Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyinm müzakirəsi zamanı bildirib.

“Layihə müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanan əmək müqavilələri, habelə həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üçün saatlıq əməkhaqqı tətbiqini nəzərdə tutur. Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşından yüksək müəyyən edilməsi təklif olunur.

Bu sistemin tətbiq olunacağı fəaliyyət sahələri Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. İlkin mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin əhatə olunması nəzərdə tutulur.

Təklif olunan dəyişiklik minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkəmizdə tətbiqinə imkan yaradacaq”, - nazir müavini qeyd edib.

Nuranə Daxilqızı