Rusiyada taun xəstəliyi yayılır?

rusiyada-taun-xesteliyi-yayilir
Oxunma sayı: 1862

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 28 yaşlı laborantı Darya Şipilova vəfat edib. 

Mətbuatda yayılmış qeyri-rəsmi məlumatlara görə, Şipilova iş yerində yoluxduğu ağciyər taunundan vəfat edib. İddialara görə, o, sentyabrın 25-də ağciyər taunu törədicisi olan sınaq şüşəsini qırıb. Bundan qısa müddət sonra o, özünü pis hiss edib və ardınca Şelexov rayon xəstəxanasına yerləşdirilib. Orada üç gün qalsa da, həyatını xilas etmək mümkün olmayıb.

İddialara görə, Şipilova ilə təmasda olmuş təxminən 200 nəfər müayinə edilərək karantinə alınıb. Vilayətdə bir neçə klinik xəstəxananın, doğum evinin, həmçinin uşaq klinik xəstəxanasının karantinə bağlandığı, bəzi müəssisələrdə maska taxılmasına göstəriş verildiyi bildirilir.

İrkutsk qubernatoru İqor Kobzev Rusiyanın baş sanitar həkimi Anna Popova ilə görüş keçirdiyini açıqlayıb. O, görüşə səbəb kimi region sakininin “xüsusilə təhlükəli infeksiya”ya yoluxması ilə bağlı şübhəli hal haqqında məlumatı göstərib. Kobzev epidemiya əleyhinə tədbirlərin tam kompleksinin həyata keçirildiyini, xəstə ilə təmasda olmuş şəxslərin tibbi nəzarətə alındığını qeyd edib.

Qonşu Buryatiya Respublikasının rəhbəri Aleksey Tsıdenov da institut əməkdaşının taundan vəfat etdiyini açıqlayıb.

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidmətindən (“Rospotrebnadzor”) isə xəstənin “mənşəyi məlum olmayan pnevmoniya”dan vəfat etdiyi bildirilib. Yerli hökumət orqanları Şipilovada peşə fəaliyyəti ilə bağlı mikroorqanizmlər aşkar edilmədiyini bəyan ediblər.