Respublikaçılara 446 milyon xərclədiyinə görə peşmandır - “Mən MAGA deyiləm”

respublikacilara-446-milyon-xerclediyine-gore-pesmandir
Oxunma sayı: 2385

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ-də keçirilən ara seçkilərdə Respublikaçılar Partiyasının ağır məğlubiyyətindən sonra seçki kampaniyasına rekord məbləğdə - 446 milyon dollar vəsait xərcləməsini “olduqca axmaqcasına” addım kimi dəyərləndirib.

“Qafqazinfo” xəbər verir ki, Nyu-Yorkda təşkil olunan illik “New York Times DealBook” zirvə toplantısına onlayn qoşulan milyarder seçkilərin ən böyük fərdi donoru olmasına baxmayaraq, yatırdığı sərmayədən gözlənilən nəticəni əldə etmədiyini etiraf edib.

Buna baxmayaraq, o, maliyyə dəstəyi olmasaydı, respublikaçı namizədlərin daha pis nəticə göstərəcəyini də qeyd edib.

Prezident Donald Trampın ikinci müddətinin əvvəlində Hökumət Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etmiş və oktyabr ayında Pentaqonun “Meridian Layihəsi”nə həmrəy rəhbər təyin olunmuş Mask Trampın “Amerikanı Yenidən Böyük Edin” (MAGA) hərəkatından da məsafə saxladığını bildirib.

“Mən MAGA deyiləm. MAGA-nın nə demək olduğunu tam olaraq bilmirəm. Əgər bu, Respublikaçılar Partiyasının siyasətlərinə kor-koranə riayət etmək deməkdirsə, mən belə etmirəm”, - o vurğulayıb.

Xatırladaq ki, aralıq seçkilərdə Demokratlar Partiyası ABŞ Konqresinin hər iki palatasında - həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu ələ keçirib. Seçkilərin ən diqqətçəkən nəticələrindən biri Maskın əsas şirkətlərinin yerləşdiyi Texas ştatında qeydə alınıb. Burada Demokrat Ceyms Talariko Senat uğrunda mübarizədə Maskın azı 45 milyon dollar dəstək verdiyi Respublikaçı Ken Pakstonu məğlub edib. Bundan başqa, Demokrat Cina Hinoxosa Respublikaçı Qreq Abbottu üstələyərək Texasın yeni qubernatoru seçilib və ştatda Respublikaçıların 30 ildən artıq davam edən hakimiyyətinə son qoyub.

Yeni qubernatorla bağlı nikbin danışan Mask onun “olduqca mülayim” siyasət yürüdəcəyinə inandığını deyib: “Düşünmürəm ki, o, ifrat solçu qubernatordur. Eşitdiklərimə əsasən deyə bilərəm ki, Cinanın qubernatorluğu dövründə Texasda işlər yaxşı gedəcək”.

Qeyd edək ki, Konqresdə üstünlüyü ələ alan demokrat qanunvericilər iri texnologiya şirkətlərinə, xüsusilə məlumat mərkəzlərinin tikintisinə nəzarəti sərtləşdirəcəklərini bəyan ediblər. Eyni zamanda, Trampın yenidən prezident seçilməsindən bəri təxminən 10 milyard dollarlıq yeni dövlət müqavilələri qazanan “SpaceX” şirkətinin fəaliyyəti ilə bağlı araşdırma aparılması tələbləri də gündəmə gəlib.