Qırğızıstan Prezidentinin feysbuk hesabı sındırıldı

qirgizistan-prezidentinin-feysbuk-hesabi-sindirildi
Oxunma sayı: 683

Hakerlər Qırğızıstan Prezidenti Sadır Japarovun feysbuk səhifəsini ələ keçirərək onun adından paylaşımlara şərh yazıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Qalina Baiterek açıqlama verib.

“Japarovun feysbuk sosial şəbəkəsindəki şəxsi hesabı naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Cinayətkarlar müxtəlif paylaşımların altında hesabın adından şərhlər yerləşdiriblər”,- deyə o qeyd edib.

Mətbuat katibi əlavə edib ki, Prezidentin profilindən göndərilən son şərhlərlə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, Qırğızıstanda 10 yanvar tarixində erkən prezident seçkiləri keçirilib. Seçici aktivliyi 40 faizdən aşağı keçən seçkilərdə Sadır Japarov 79,2% səslə qalib gəlib. O, 28 yanvardan etibarən rəsmi olaraq Prezident kimi vəzifəsinin icrasına başlayıb.