Qərbi Azərbaycana həsr olunmuş kitabının özbək dilində nəşri təqdim edilib - Fotolar-Video

qerbi-azerbaycana-hesr-olunmus-kitabinin-ozbek-dilinde-nesri-teqdim-edilib
Oxunma sayı: 795

Özbəkistanın Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində tanınmış Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “G‘arbiy Ozarbayjon: xotiramizda yashayotgan yurt yerlari” (“Qərbi Azərbaycan: yaddaşımızda yaşayan yurd yerləri”) kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, kitab Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında özbək dilinə tərcümə edilərək nəşr olunub.

Nəşrin əsas məqsədi Qərbi Azərbaycanla bağlı tarixi yaddaşın, zəngin mədəni irsin və xalqımızın doğma yurd yerlərinə dair xatirələrinin özbək oxucularına çatdırılmasıdır.

Təqdimat mərasimində universitetin rəhbərliyi, elm və təhsil nümayəndələri, alimlər, şairlər, tərcüməçilər, müəllimlər, tələbələr və ədəbi-mədəni ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin rektoru, fəlsəfə doktoru, dosent Sanjar Adilov Azərbaycan və Özbəkistan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından bəhs edib. O, Azərbaycan müəlliflərinin əsərlərinin özbək dilində nəşrinin xalqlarımızın bir-birinin tarixi və mədəni irsini daha yaxından tanımasına xidmət etdiyini, belə layihələrin universitet mühitində həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə çıxış edən səfir Dr. Rəşad Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə iki qardaş ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə yüksəldiyini, mədəni-humanitar əməkdaşlığın genişləndiyini vurğulayıb. Diplomat Qərbi Azərbaycan mövzusunun xalqımızın tarixi yaddaşında mühüm yer tutduğunu, azərbaycanlıların doğma yurd yerləri ilə bağlı xatirələrinin, tarixi və mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd edib. O, bu mövzuda əsərlərin xarici dillərdə nəşrinin Azərbaycan tarixinin və mədəniyyətinin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından mühüm rol oynadığını bildirib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli XX əsrin müxtəlif dövrlərində xalqımızın üzləşdiyi faciələr və deportasiyalar nəticəsində qədim ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın yurd nisgilinin, vətən həsrətinin və doğma torpaqlara bağlılığının yüksək ədəbi-bədii dillə oxuculara çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, professor Mahirə Hüseynovanın əsərinin özbək dilində nəşrinin bu ağır tarixi yaddaşın özbək oxucularına çatdırılmasına və Qərbi Azərbaycanın tarixinin tanıdılmasına töhfə verəcəyini qeyd edib.

Təqdimatda professor, filologiya elmləri doktoru Marufcan Yoldaşov, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Saodat Muhamedova, eləcə də kitabın özbək dilinə tərcüməçisi, tərcüməçi-publisist Nasiba Abduzoirova çıxış ediblər. Onlar tarixi yaddaşın və ortaq mədəni irsin qorunmasının, Azərbaycan və Özbəkistan arasında elmi-ədəbi əlaqələrin inkişafının, həmçinin kitabın özbək dilinə tərcüməsinin əhəmiyyətini vurğulayıblar.

Kitabın müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxışında əsərin ərsəyə gəlməsindən, Qərbi Azərbaycan mövzusunda apardığı araşdırmalardan və tarixi yaddaşın qorunmasının vacibliyindən danışıb. Müəllif doğma yurd yerləri ilə bağlı xatirələrin, tarixi toponimlərin və mədəni dəyərlərin öyrənilərək gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb. O, kitabının özbək dilində nəşrinə görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə və layihənin həyata keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib.

Təqdimat mərasimində kitabın elmi və mənəvi əhəmiyyəti, Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələrin inkişafı, ortaq tarixi-mədəni dəyərlərin təbliği və bu istiqamətdə yeni nəşr layihələrinin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.