Çinin Şençjen şəhərində bu ölkənin sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, görüş zamanı tərəflər Rusiya-Çin münasibətlərini və beynəlxalq vəziyyəti müzakirə ediblər.
Putin qeyd edib ki, Rusiya ilə Çin arasında əməkdaşlıq iki ölkənin rifahı naminə yüksələn xətt üzrə inkişaf edir: “Rusiya və Çin daha ədalətli, çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində konstruktiv mövqe nümayiş etdirir. İki ölkənin xarici siyasət sahəsində əməkdaşlığı beynəlxalq arenada sabit və müsbət istiqamətdə davam edir”.
O, son bir neçə ildə iki ölkə arasında ticarət dövriyyəsinin 200 milyard dolları ötdüyünü qeyd edib.
Rusiya liderinin sözlərinə görə, Pekinin təşəbbüsü ilə tətbiq edilən vizasız rejim iki ölkə arasında turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib. Putin qarşılıqlı turist axınının 43 faiz artdığını diqqətə çatdırıb. O həmçinin Çinlə nəqliyyat əlaqələrinin inkişaf etdiyini, humanitar sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.
Si Cinpin isə bildirib ki, iki ölkə praktiki əməkdaşlığa üstünlük verməli, çoxşaxəli tərəfdaşlığı dərinləşdirməlidir.
O, Moskva-Pekin münasibətlərinin beynəlxalq vəziyyətdəki ani dəyişikliklərdən asılı olmadığını da deyib: “Çin-Rusiya münasibətləri bütün çətinliklərə baxmayaraq, dağ kimi sarsılmazdır, geniş perspektivlərə malikdir və dünya konyunkturasındakı ani dəyişikliklərdən asılı deyil”.
Çin sədri əlavə edib ki, Rusiya ilə Çin arasındakı münasibətlər böyük dövlətlər arasında yeni tipli əlaqələrin nümunəsi hesab olunur.
Son xəbərlər
Son Xəbərlər