Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

paytaxtda-zefer-gunune-hesr-edilen-minifutbol-yarislari-basa-catdi
Oxunma sayı: 513

Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası “Zəfərlə irəli” minifutbol turnirinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, “Bakı 2026 - Dünyanın İdman Paytaxtı” seçilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində 2014-2015-ci il təvəllüdlü yeniyetmələr arasında rayon və şəhər olmaqla 2 mərhələdən ibarət futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onlarda sağlam həyat tərzinin təşviq edilməsi və idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil edilən yarışlar olimpiya sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1300-ə yaxın yeniyetmə idmançının yer aldığı 112 komanda iştirak edib.

Turnirin birinci mərhələsi oktyabrın 30-na kimi paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.

Respublikasəviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə final oyunları ilə yekun vurulub.

Tədbirin əvvəlində populyar müğənni Elnarə Xəlilova və “Döngə” qrupu iştirakçılar qarşısında çıxış ediblər.

Rəsmi açılış mərasimindən sonra final oyunu keçirilib.

Final oyununda Nizami və Qaradağ rayonlarının komandaları görüşüblər. 4:3 hesabı ilə qalib gələn Nizami rayonunun komandası turnirin qalibi olub. Üçüncü yerə Xəzər rayonunun komandası çıxıb.

Turnirin qalibləri “Fəxri fərman” və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin sonunda atəşfəşanlıq keçirilib və xatirə şəkli çəkdirilib.