Paşinyan fərqlidirmi?!

pasinyan-ferqlidirmi
Oxunma sayı: 39

Son günlər regional siyasi gündəmin ən çox müzakirə edilən mövzularından biri, heç şübhəsiz, Ermənistanda keçirilməsi planlanan referendumdur və hər kəsə də gün kimi aydındır ki, həmin referendumun müsbət nəticələri olmadan sülh sazişinin imzalanması qeyri-mümkündür.

Amma öncə tarixə ekskurs edək və bir məsələni aydınlaşdıraq: Məlum bənd Ermənistan Konstitusiyasına necə salınıb və onun aradan qaldırılması nələri dəyişəcək?

Əvvəla, qeyd edim ki, ciddi mübahisələrə səbəb olan bu müddəa ana qanunda birbaşa “Ermənistan Qarabağa iddialıdır” şəklində yazılmayıb. Məsələ Konstitusiyanın preambulasında Ermənistanın 1990-cı il “Müstəqillik Bəyannaməsin”ə istinad edilməsindən qaynaqlanır. Sözügedən bəyannamənin özünün istinad mənbəyi isə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurasının birgə qəbul etdiyi qərardır.

Yəni, məsələ dolayı və pilləlidir. Fəqət, faktiki normaları bir-birinə calaq edərək, eyni zamanda bu normaların mərhələli bağlantılarını əsas gətirərək gələcəkdə Ermənistan yenidən absurd iddialarla çıxış edə bilər və ona görə Azərbaycanın da istəyi budur ki, problem kökündən həll olsun.    

Üstəlik, ziddiyyətin yaranma tarixinə fikir verdinizsə, SSRİ -nin son dönəmlərinə təsadüf edir. Yəni, mənfur sistem, ən axır-süqut etapında da dinc dayanmayıb, öz iyrənc, məkrli ideologiyasını bölgəyə sarıb və gələcək konfliktlər üçün ciddi zəmin yaradıb (Zatən Rusiya ilə Ukrayna münaqişəsinin əsas dayaq nöqtələrindən olan Krım mövzusu da zamanında “işlənilmiş” bənzər proyektlərin “məhsulu”dur).

Bu dəmdə sual yaranır: Yaxşı, tutaq, SSRi bunu etdi, bəs müstəqil olandan sonra Ermənistana rəhbərlik edən hansısa başbilənindəmi ağlına gəlmədi ki, strategiyanı dəyişsin və daha praqmatik düşünsün?

Gəlmədi, əzizlərim. Nə təəssüf gəlmədi!

Çünki, Ermənistan uzun illər boyunca sadəcə de-yuri müstəqil oldu və Petrosyan da, Köçaryan da, Sarkisyan da faktiki kölə idilər, nökərlik missiyası ilə hakimiyyətə gətirilmişdilər və “ağa”ları, qəyyumları nə deyirdilərsə, həmin təlimata uyğun da hərəkət edirdilər.

Bəs Paşinyan? O necə? Fərqlidirmi?

Məncə Paşinyanın xarakterini (xüsusən də son zamanlar) heç özü də doğru - dürüst təsbit edə bilməz. Çünki, müharibədən öncə “Cıdır Düzü”ndə yallı gedib Azərbaycana göz dağı verən də həmin Paşinyandır, Vaşinqtonda sülh müqaviləsini paraflayan da. Çünki, 2 ay əvvəl sülhlə bağlı prosesi 2031-ə qədər uzatmaq istəyən də həmin Paşinyandır, Azərbaycanın sərt təpkisindən sonra məlum tarixi (təcili referendum qərarı ilə) yaxın aylara çəkən də. Çünki, bəzən rəsmi görüşlərdə son dərəcə adekvat, realist görünən də həmin Paşinyandır, ölkədən-ölkəyə banan daşıyan, getdiyi oteldə “rojok” axtaran da...

Təbii, indiki situasiyada onun xarakteri, ya da həmin xarakterin cizgiləri bizim üçün qətiyyən önəmli deyil. Əhəmiyyətli olan Ermənistanın Baş Nazirinin ortaya iradə qoyaraq referenduma getməsi və sülh müqaviləsini gecikmədən imzalamasıdır.        

Bunun üçün hansı maneələr var?

Dünən Paşinyan öz açıqlamasında bildirib ki, ümumxalq səsverməsi ilə bağlı son maneə müxalifətdir...

Hərgah, burada qaçılmaz ritorika dövrəyə girir və özünü saxlaya bilmir: Guya əvvəl nə idi ki? Guya ilk və orta maneə nə idi ki?

Hə, mən bir məqamla razıyam ki, prezident və parlament seçkiləri ilə referendum arasında çox əhəmiyyətli fərq var. Ələlxüsus da siyasi müvazinəti, təhlükəsizlik şkalası zəif olan ölkələrdə referendum üzərindən qarışıdurma yaratmaq, sabitliyi pozmaq daha asandır.

Amma adama çönüb deyərlər, evin tikilsin, sən axı müharibə uduza-uduza seçkiyə gedən birisən, indi referendumdanmı ehtiyat edirsən?

Ayrıca, xalq da sənə seçkidə ona görə etimad göstərdi ki, revanşistlər kimi davranmadın, sülh bəyanatları verdin, Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyini bildirdin.

Bəli, aydındır, narahatsan. Bəlkə də üzərində (hətta bizim belə hesablaya bilmədiyimiz) yüz cür qorxu var: Kənar təsirlərin qorxusu, hakimiyyəti itirmək qorxusu, müxalifətdən tələb olunan minimum 6 səsi almamaq, ala bilməmək qorxusu. Və sair, ilaxır...

Amma hara qədər? Hansı dalana qədər?

Kimsə bitirməlidir axı məsələni...

Və ya bitirməsən nə qazanacaqsan? Heç nə! Vallah-billah, heç nə!

Manevri hər nə qədər sevsən də, yol artıq dirənib, cənab Paşinyan!

Məsləhətləşmə(lər) adı altında aylarla zaman “udmağa” çalışmadan, Amerikada demokratların hakimiyyətə gəlişini gözləmək kimi bəsit avantüralara uymadan, hər gün növbəti, ucuz xəyallara dalmadan -  referendumu keçirmək, ardınca isə dərhal sülh sazişini imzalamaq lazımdır...

Vəssalam.

Sadəcə imzalamaq...

Qeyd - şərtsiz imzalamaq...

Elşən Musayev,

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri