Paris polisi etiraz aksiyalarına qismən qadağa qoydu

paris-polisi-etiraz-aksiyalarina-qismen-qadaga-qoydu
Oxunma sayı: 199

Paris polisi cümə axşamı və cümə günləri paytaxtda keçirilməsi planlaşdırılan kütləvi aksiyalara qismən qadağa qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

Məhdudiyyətlər tələbələrin cümə axşamı gününə planlaşdırdığı aksiyaya da təsir edib. Polis etiraz aksiyasının keçirilməsinə icazə versə də, küçələrdə yürüş təşkil edilməsini qadağan edib.

Kanalın məlumatına görə, analoji qadağalar cümə günü keçirilməsi nəzərdə tutulan digər aksiyalara, o cümlədən “Sarı jiletlilər” hərəkatının və Tacirlər Həmkarlar İttifaqının təşəbbüsü ilə təşkil olunacaq nümayişlərə də tətbiq olunub.

Xatırladaq ki, Fransada kütləvi etirazlar sentyabrın sonlarında təhsildəki problemlərlə əlaqədar yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb və tədricən bütün ölkəni bürüyüb. Daha sonra nümayişçilər yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı çıxış etməyə başlayıblar.

Oktyabrın 18-də isə Fransa Prezidenti Emmanuel Makron təcili müraciət edərək, hökumətdən etirazların bir daha təkrar olunmaması üçün tədbirlər görməyi tələb edib. Dövlət başçısı iğtişaşlarda günahkar olanların cəzalandırılacağını və zərər çəkmiş biznesə dəstək veriləcəyini vəd edib. Makronun siyasi rəqibləri isə onun çıxışını kəskin tənqid edərək, ölkədəki sosial narazılığa görə məsuliyyəti birbaşa prezidentin üzərinə qoyublar.