Ömürlük həbsi yüngül cəza hesab edirlər - Edamı tələb olundu

omurluk-hebsi-yungul-ceza-hesab-edirler
Oxunma sayı: 2136

Cənubi Koreyada xüsusi prokurorluq qrupu qanunsuz hərbi vəziyyət elan edərək dövlət çevrilişinə cəhddə günahlandırılan keçmiş Prezident Yun Sok Yol barəsində çıxarılan ömürlük həbs qərarından apellyasiya şikayəti verib. Prokurorluq birinci instansiya məhkəməsinin hökmünü həddindən artıq yüngül hesab edərək, sabiq dövlət başçısı üçün ölüm hökmü kəsilməsini tələb edir.

“Qafqazinfo” xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, apellyasiya dinləməsində çıxış edən xüsusi prokuror Ço Eun-sukun komandası Yun Sok Yolun konstitusiya quruluşunu məhv etməyə çalışdığını bildirib.

Prokurorluq nümayəndəsi qeyd edib ki, sabiq prezident konstitusiyanı qoruyacağına and içməsinə baxmayaraq, parlamentə qoşun yeridərək hakimiyyəti ələ keçirməyə cəhd edib: “Bu işdə haqsız məhkum edilmə ehtimalı yoxdur və ölüm cəzasının tətbiqində tərəddüd etməyə heç bir əsas görmürük. Ölkədə uzun müddətdir edamların icra olunmaması bu cəzanın tələb edilməsinə mane olmamalıdır”.

Cənubi Koreya qanunvericiliyinə görə, üsyana rəhbərlik edən şəxslər üçün yalnız üç növ cəza nəzərdə tutulur: ölüm hökmü, ömürlük həbs və ya ağır iş rejimi olmadan ömürlük həbs. Ölkədə 1997-ci ildən bəri heç bir edam hökmü icra edilmədiyi üçün Cənubi Koreya “ölüm cəzasını de-fakto ləğv etmiş” dövlətlər siyahısındadır.

Xatırladaq ki, Yun Sok Yol 3 dekabr 2024-cü ildə müxalifəti “dövlət əleyhinə fəaliyyətdə” ittiham edərək ölkədə hərbi vəziyyət elan etmişdi. Lakin Parlament dərhal toplanaraq bu qərarı ləğv etmiş, 14 dekabr 2024-cü ildə isə prezidentə impiçment elan olunmuşdu.

Konstitusiya Məhkəməsinin 4 aprel 2025-ci il tarixli qərarı ilə Yun Sok Yol rəsmən vəzifəsindən kənarlaşdırılmış, keçirilən məhkəmə prosesi nəticəsində fevral ayında üsyana rəhbərlik etməkdə günahlandırılaraq ömürlük həbs cəzasına məhkum edilmişdi.