Nizami rayonunda YAP-ın yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - Fotolar

nizami-rayonunda-yap-in-yaradilmasinin-34-cu-ildonumune-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 94

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümü münasibətilə Nizami rayonunda təntənəli tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq Yeni Azərbaycan Partiyasının banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər güllər düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə və YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının yaranma tarixinə, keçdiyi inkişaf yoluna və ölkəmizin ictimai-siyasi həyatındakı mühüm roluna toxunulub. Qeyd edilib ki, 1992-ci il noyabrın 21-də xalqın böyük tələbi və Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası mürəkkəb ictimai-siyasi şəraitdə Azərbaycanın gələcəyinə inamın, milli həmrəyliyin və güclü dövlətçilik ideyasının təcəssümü kimi meydana gəlib.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi sayəsində ölkəmizdə siyasi sabitliyin əsası qoyulub, müstəqil dövlətçiliyimiz möhkəmləndirilib. Bu siyasi kurs 2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyimizin bütün ərazilərimizdə tam bərpa olunması ölkəmizin inkişaf tarixinin mühüm hadisələri kimi qeyd edilib.

Çıxışlarda bildirilib ki, bu gün qalib və suveren Azərbaycan öz inkişaf yolunu inamla davam etdirir, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Yeni Azərbaycan Partiyası 34 illik fəaliyyəti ərzində milli birlik, dövlətçilik və tərəqqi naminə fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

Tədbir çərçivəsində partiyanın ictimai-siyasi həyatında fəallığı və uzun illər partiya dəyərlərinin təbliğində xidmətləri ilə fərqlənən veteran üzvlər yubileyləri münasibətilə təltif olunublar. Həmçinin Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul edilən bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin rəsmi hissəsinin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Daha sonra tədbir geniş bədii-musiqili proqramla davam edib. Proqram çərçivəsində Xalq artisti Mələkxanım Əyyubova, tanınmış ifaçılar Cəvahir Abdullayeva, Taleh Əliyev, Nəsrin Şəfiyi, həmçinin Zəfər Qrupu və 3 saylı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tələbələri çıxış ediblər.