Bu gün Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.
“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai birlik və təşkilatların nümayəndələri, rayon sakinləri iştirak ediblər.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq 2019-cu ildə rayonda görülmüş işlər barədə məruzə ilə çıxış edib. A.Qasımov Prezident İlham Əliyevin yanında 13 yanvar 2020-ci il tarixində keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının ötən ilin uğurlu il olduğunu, ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkənin dayanıqlı inkişafının təmin olunduğunu, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurların əldə edildiyini, Azərbaycanın sabitlik şəraitində yaşadığını vurğuladığını qeyd edib.
2019-cu ildə rayonun sosial-iqtisadi inkişafı haqqında məlumat verən A.Qasımov bildirib ki, ötən il rayon ərazisində fəaliyyət göstərən müəssisələr tərəfindən 592,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib, bütün maliyyə mənbələri hesabına 70,4 milyon manat həcmində əsas fondlar istifadəyə verilib, rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 488,7 milyon manat məbləğində vəsait yönəldilib, eyni zamanda, 124,5 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib, tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi isə 239,8 milyon manat təşkil edib. Pərakəndə ticarət şəbəkələrindən əhaliyə 2,21 milyard manatlıq əmtəə satılıb, rabitə müəssisələri tərəfindən əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,6 faiz artımla 476,4 milyon manat həcmində, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə 106,3 milyon manat həcmində xidmət göstərilib. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 372,9 milyon manat təşkil edib.
Ötən il rayon üzrə muzdlu işçilərin sayının əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2 faiz artaraq 50 min nəfərdən artıq olduğunu, əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqı səviyyəsinin 11,0 faiz artaraq 723,1 manat təşkil etdiyini söyləyən A.Qasımov 2019-cu ildə rayonda 4810 yeni iş yerinin açıldığını, işaxtaran kimi 3995 nəfərin qeydiyyata götürüldüyünü, onlardan 2369 nəfərin münasib işlə təmin edildiyini, bundan əlavə “DOST” iş mərkəzinin xətti ilə 705 nəfərin sosial işlərə, özünüməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan 172 nəfərin fərdi biznes fəaliyyətinə cəlb olunduğunu diqqətə çatdırıb.
Məruzənin sonunda A.Qasımov görülən işlərlə yanaşı 2020-ci ildə qarşıda duran vəzifələrdən söz açaraq, mövcud nöqsanların aradan qaldırılması və görüləcək işlər üzrə aidiyyəti təşkilatlara tapşırıqlarını verib.
Yığıncaqda çıxış edən 129 №-li tam orta məktəbin direktoru Esmira Quliyeva 2019-cu ildə məktəbin əldə etdiyi uğurlardan söz açıb. Yığıncaqda Tağı Tağıyev və Sədaqət Vəliyeva çıxış edərək, ötən il əldə olunan uğurlardan, eyni zamanda, qarşıda duran problemlərdən danışıblar və onların həlli üçün təkliflərini söyləyiblər.
Şura iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar və yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.