“Nəinki ev verildi, üstəlik əlilliyim də kəsildi” - Hərbçinin şikayətinə rəsmi cavab

neinki-ev-verildi-ustelik-elilliyim-de-kesildi
Oxunma sayı: 1978

16 il Azərbaycan Ordusunda zabit kimi xidmət etmiş Vətən müharibəsi qazisi Faiq Savəddin oğlu Abdullayev 5 illik müddəti bitdikdən sonra II qrup əlillik statusunun bərpa olunmamasından və sosial problemlərindən şikayətlənir.

“Qafqazinfo”ya müraciət edən Salyan rayon sakininin sözlərinə görə, 2005–2021-ci illərdə orduda xidmət edib. 44 günlük Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib, 2020-ci il noyabrın 7-də Xocavənddə ağır yaralanıb. Bir neçə dəfə əməliyyat olunan mayorun bədənində hələ də qəlpə qalır, eləcə də yoğun bağırsağının 20 santimetri kəsilərək götürülüb.

F. Abdullayev bildirir ki, 2021-ci il iyulun 22-də ona 5 il müddətinə II qrup əlillik təyin olunsa da, bu ilin iyulunda müddət bitdikdən sonra statusu ləğv edilib: “Sənədlərimi yenidən toplayıb təqdim etdim, lakin sentyabrın 10-da mənə imtina cavabı verildi. Eyni diaqnozla 5 il əvvəl əlillik təyin edilmişdi, amma indi deyirlər ki, meyarlara uyğun deyilsən. Halbuki yoğun bağırsağımın 20 santimetri yoxdur, bağırsaq keçməzliyindən əziyyət çəkirəm. Cəlilabad rayon Tibbi Komissiyası tərəfindən imtina aktı verilib, “Forma-88” sənədinin TƏBİB-in elektron sisteminə göndərilməsində problem yaradılıb. Buna görə TƏBİB-i məhkəməyə vermişəm, iş hazırda icraatdadır”.

Ehtiyatda olan zabit yaralandıqdan sonra hərbi xidmətə yararsız hesab olunduğu üçün 2021-ci ilin sentyabrından məktəbdə gənclərin çağırışaqədərki hərbi hazırlıq rəhbəri kimi çalışır: “Əvvəl Salyan rayon Marışlı kənd tam orta məktəbində, bu ilin sentyabrından isə Salyan rayon Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi işləyirəm. Bu ay 450 manat maaş almışam. Əvvəllər dərmanlarıma “YAŞAT” Fondu kömək edirdi, indi isə çarəsiz qalmışam. Üç övladım var. Ünvanlı dövlət sosial yardımı üçün müraciət etdim, dedilər ki, həyat yoldaşın da işləməlidir”.

Qazi, həmçinin uzun illərdir növbədə olmasına baxmayaraq, mənzillə təmin olunmamasından da gileylənib: “5 il ərzində mənzillə təmin olunmadım. Bu ilin iyun ayında Salyanda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin qəbulunda oldum. Mənə söz verildi ki, ilin sonunadək evlə təmin olunacaqsan, arxayın ola bilərsən. Amma nəinki ev verildi, üstəlik əlilliyim də dayandırıldı. Mən heç kimdən imtiyaz istəmirəm. Sadəcə Vətən uğrunda sağlamlığını itirmiş, 16 il dövlətinə xidmət etmiş bir zabit kimi qanuni haqqımın bərpa olunmasını xahiş edirəm”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov müraciətimizə belə cavab verdi: “Salyan rayon sakini 1988-ci il təvəllüdlü Abdullayev Faiq Savəddin oğluna təyin olunan əlillik müddəti 23.07.2026-cı il tarixdə başa çatıb. Hazırda vətəndaşla bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən yeni göndəriş elektron sistemə daxil edilməyib. Şəxslə bağlı tibb müəssisəsi tərəfindən yeni forma-88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək”. 

Faiq Abdullayevin şikayəti ilə bağlı TƏBİB-ə də sorğu ünvanladıq. Sorğumuza cavab kimi bildirilib ki, məsələ ilə əlaqədar araşdırma aparılıb: “Araşdırma nəticəsində müəyyən edilib ki, vətəndaş F.S. Abdullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qarşı məhkəməyə iddia ilə müraciət edib. Məsələ ilə bağlı yekun qiymətləndirmə məhkəmənin qərarı əsasında aparılacaqdır”.

Qazinin evlə təmin olunmamasına gəlincə, Sosial Xidmətlər Agentliyinə ünvanladığımız müraciətə cavab olaraq qeyd edildi ki, qanunvericilikdə müharibə iştirakçılarının evlə təmin edilməsi nəzərdə tutulmayıb: “Faiq Savəddin oğlu Abdullayevə müharibə ilə əlaqədar təyin edilən əlillik müddəti 23.07.2026-cı il tarixində başa çatıb. Faid Abdullayev hazırda müharibə ilə ələqədar əlilliyi olan şəxs deyil, Vətən müharibəsi iştirakçısı statusu daşıyır. Qanunvericilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə iştirakçılarının mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmayıb”.

Qeyd edək ki, ehtiyatda olan zabit 6 il Goranboy, 2 il Tovuz, 1 il 6 ay Şəmkir və 2 ilə yaxın Qazax rayonlarında yerləşən hərbi hissələrdə xidmət keçib. O, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, eləcə də “Qüsursuz xidmətə görə” (10 və 15 illik) medalları ilə təltif olunub.

Lamiyə Məmmədova