Neftçalada Aprel döyüşlərinin 7-ci ili qeyd olunub - Fotolar

neftcalada-aprel-doyuslerinin-7-ci-ili-qeyd-olunub
Oxunma sayı: 2392

Neftçala rayonunda Aprel döyüşlərinin 7-ci ildönümü anılıb.

“Qafqazinfo” xəbər verir ki, anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

İlk öncə Həsənəbad qəsəbəsində yerləşən Şəhidlər parkı, Neftçala şəhəri Şəhidlər xiyabanında Aprel döyüşləri zamanı şəhid olan Milli Qəhrəman mayor Samid İmanovun, Aşağı Qaramanlı kəndində şəhid gizir Elimdar Səfərovun və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, önünə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.

Mirhəsən Seyidov şəhid ailələri ilə görüşüb, onların məişət qayğıları və sosial məsələləri ilə maraqlanıb.

Qeyd edək ki, İmanov Samid Gülağa oğlu 14 oktyabr 1981-ci ildə Neftçala rayonu Həsənəbad qəsəbəsində doğulub. 2016-cı ilin aprelində Azərbaycan- Ermənistan təmas xəttində başlayan döyüşlər zamanı aprelin 4-ü qəhrəmancasına şəhid olub və aprelin 8-i Neftçala şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Səfərov Elimdar Səlimxan oğlu 26 iyul 1992-ci ildə Yardımlı rayonunda anadan olub. Aprelin 2-si qəhrəmancasına şəhid olub və aprelin 4-ü Neftçala rayonu Aşağı Qaramanlı kənd qəbiristanlığında dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Səfərov Elimdar Səlimxan oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.