Necə edək ki, Azərbaycanda elektrik avtomobilləri artsın…

nece-edek-ki-azerbaycanda-elektrik-avtomobilleri-artsin
Oxunma sayı: 2698

Azərbaycanda elektrik avtomobillərinin təşviq edilməsi, bu sahədə görülən tədbirlərin sürətləndirilməsi və yeni hədəflərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qafqazinfo saytı ilə birgə ictimai müzakirələrə start verir.

Müzakirə mövzusu: "Azərbaycanda elektrik avtomobillərinin sayının artırılmasına necə nail olmaq mümkündür?" Ölkənin avtomobil parkında tezliklə elektrik avtomobillərinin payının artırılmasına nail olmaq üçün ictimai dəstəyə, mütəxəssis rəylərinə ehtiyac var. Odur ki, ictimai müzakirələrin keçirilməsini istəyirik və hər kəsi, o cümlədən bütün maraqlı tərəfləri ictimai müzakirələrdə iştiraka, rəy və təkliflərini bildirməyə dəvət edirik. Dünya ölkələrində olduğu kimi Azərbaycanda da avtomobillərdən atılan zərərli qaz tullantıları (karbon) atmosfer çirklənmələrinin ən böyük hissəsini təşkil edir. Bunun qarşısının alınması üçün həyata keçirilən qlobal çağırışlar sırasında nəqliyyat vasitələrinin ekoloji təmiz elektrik avtomobilləri ilə əvəzlənməsi də yer alıb. Bir sıra ölkələrdə qarşıdakı illər üçün hədəflər müəyyənləşdirilib, prosesin sürətləndirilməsi məqsədilə müvafiq stimullaşdırıcı tədbirlər planı hazırlanıb.

Avropa İttifaqının nəqliyyat sektorunda emissiyaların azaldılması üzrə hədəfləri, son nəticələr: Avropa İttifaqı Yaşıl Sazişinin (Green Deal) əsas hədəfi 2050-ci ilə qədər Avropanı dünyanın ilk karbon-neytral və ya iqlim-neytral qitə etməkdir. Buna nail olmaq üçün Avropa Komissiyası aralıq hədəf olaraq, Paris Sazişi üzrə 2030-cu ilə qədər emissiyaların azaldılması hədəfini 55%-ə qaldırmağı təklif edib (əvvəl bu hədəf 40% idi).

Avropa İttifaqının bu hədəfə çatmaq üçün qəbul etdiyi 2030 strategiyalarından biri də Dayanıqlı Mobillikdir (Sustainable mobility). Nəqliyyat Aİ-nın istixana qazı tullantılarının dörddə birini təşkil edir və artmaqda davam edir.

Bu strategiyanın əsas hədəflərindən biri 2025-ci ilə qədər ekoloji təmiz nəqliyyat vasitələrini 13 milyona, şarj məntəqələrini isə 1 milyona çatdırmaqdır. Avropa Avtomobil İstehsalçıları Federasiyasının (ACEA) 2021-ci il hesabatına əsasən, avtomobil sənayesinin alternativ avtomobillərə ayırdığı investisiyalar öz nəticəsini verir: 2020-ci ildə Aİ-da qeydiyyata alınmış avtomobillərin 10%-dən çoxu elektrik mühərrikli olmuşdur.

Hesabata əsasən, 2020-ci ildə Aİ-da qeydiyyata alınan yeni avtomobillərdə benzin və dizel üstünlük təşkil edir: benzin 4.7 milyon və ya 47.5%, dizel - 2.7 milyon və ya 28 %, elektrik mühərrikli avtomobillər 1 milyon 45 min və ya 10.5%. 2014-2020–ci illərdə elektrik mühərrikli avtomobillərin ümumi avtomobil parkındaki payı 10% artıb. Lakin, bu artım əsasən Aİ-nın ən çox inkişaf etmiş Qərbi Avropa ölkələrinin hesabına olub. 2020-ci ildə İttifaq daxilində elektromobil satışına görə ilk beşliyə bu ölkələr daxildir. İsveç – 32.2 %, Niderland – 25%, Finlandiya – 18.1%, Danimarka – 16.4%, Almaniya – 13.5%. İttifaqa daxil olmayan Norveçdə 2020-ci ildə satılan avtomobillərin 54.3%-i elektrik mühərrikli olub.

Əksinə, ÜDM-in payı aşağı olan digər 10 Aİ ölkəsində bu göstəricilər 3%-dən aşağıdır. Ən aşağı elektrik mühərrikli avtomobil satışı olan ölkələr isə Kipr 0.5%, Litva 1.1%, Estoniya 1.8%, Xorvatiya 1.9%, Polşadır 1.9%. 2014-2020-ci illər ərzində Aİ-da şarj məntəqələrinin sayı 26 mindən 224 minə çatmışdır ki, bundan 25 minə qədəri sürətli şarj məntəqəsidir (>22 kW). Şarj məntəqələrinin sayına görə də daha inkişaf etmiş ölkələr Niderland – 29.7%, Fransa – 20.4%, Almaniyadır – 19.9%. 2020-ci ildə Aİ-da qeydiyyata alınan kiçik yük maşınlarının 92.4% - dizel,· 3.4% - benzin, 2 % - elektrik mühərrikli, 0.9 % - hibrid olub (qalanı CNG, LPG).

Elektrik avtomobilləri ilə bağlı Azərbaycandakı vəziyyət Hazırda Azərbaycanda qeydiyyatda olan 1 543 000-ə yaxın maşından cəmi 228-i elektik avtomobilidir ki, bu da cəmi 0,01 faiz təşkil edir. Ölkəmizdə bu vəziyyətin yaxşılaşdırılması, ekoloji təmiz avtomobillərin sayının artırılması üçün nə etmək olar?

Rəy və təkliflərinizi ETSN-in info@eco.gov.az və Qafqazinfo.az saytının info@qafqazinfo.az elektron ünvanlarına göndərə bilərsiniz.