Naftalanda YAP-ın 34-cü ildönümü qeyd olundu - Fotolar

naftalanda-yap-in-34-cu-ildonumu-qeyd-olundu
Oxunma sayı: 423

Naftalan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: milli dövlətçilik, siyasi sabitlik və möhtəşəm Zəfərdən tərəqqiyə gedən yol” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, ŞİH-nin məsul əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan ŞİH-nin başçısı Yeni Azərbaycan Partiyasının ölkəmizin dövlətçilik tarixindəki müstəsna rolunu vurğulayıb. İcra başçısı Prezident İlham Əliyevin  rəhbərliyi ilə  bundan sonra da müstəqil, suveren Azərbaycanın yeni-yeni qələbələr, uğurlar qazanacağını ifadə edib.

Digər natiqlər Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan, dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkəmizin tərəqqisindəki xidmətlərindən bəhs ediblər.

Tədbirdə partiya sıralarında səmərəli ictimai-siyasi fəaliyyətləri münasibətilə bir qrup partiya fəalına fəxri fərman və hədiyyələr təqdim olunub. Eyni zamanda, partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri verilib. Sonda xatirə şəkli çəkilib.