Meymunlar Hindistanın Aqra şəhərindəki Tac Mahal məqbərəsinin ərazisini “ələ keçiriblər” və turistlərə hücum etməyə başlayıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, yüzlərlə heyvan məşhur abidənin şərq, qərb və kral darvazalarının ətrafında toplaşıb. Onların bir neçə turistə hücum edərək dişlədiyi bildirilir. Zərərçəkənlərdən 2 nəfər xəstəxanaya yerləşdirilib. Meymunların dişlədiyi daha bir neçə turistə yerində tibbi yardım göstərilib.
Vəziyyət yerli hakimiyyət orqanlarının nəzarətindən çıxıb. Belə ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan tikilinin idarə olunmasına cavabdeh qurumlar arasında koordinasiyanın olmaması meymunlarla bağlı problemin həlli səylərini daha da çətinləşdirir.
Turistlərə heyvanlardan təhlükəsiz məsafədə durmaq, onların yanında şəkil çəkdirməmək və gözlərinə baxmamaq tövsiyə olunur. Bundan əlavə, ziyarətçilərdən yemək, su şüşələri, gün eynəkləri və telefonlarını gizlətmələri xahiş edilib.
Qeyd edək ki, XVII əsrə aid memarlıq abidəsi olan Tac Mahalı hər gün orta hesabla 19-22 min turist ziyarət edir. Turizm mövsümünün pik dövrü və bayram günlərində bu rəqəm 60-70 minə çatır. Ümumilikdə isə hər il bu məkanı 7-8 milyon insan ziyarət edir.
Son xəbərlər
Son Xəbərlər