Los-Ancelesdə güclü zəlzələ - Hava limanında tavan uçdu, təyyarə enə bilmədi

los-ancelesde-guclu-zelzele
Oxunma sayı: 37

ABŞ-nin Cənubi Kaliforniya sahilləri yaxınlığında, Los-Anceles ətrafında 5 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, təkanlar Santa-Monikada insanların mağazalardan çölə qaçmasına səbəb olub, Los-Anceles Beynəlxalq Hava Limanında (LAX) isə həyəcan siqnalları səslənərkən tavan plitələri yerə düşüb və “Delta” aviaşirkətinə məxsus təyyarə enişi dayandırmalı olub.

Pasadenada da hiss olunan zəlzələdən sonra “Rose Bowl” stadionuna gedən “Interstate 210” magistralında hərəkətin açıq olduğu bildirilib.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ yerli vaxtla səhər saat 09:30-da Manhetten-Biçdən təxminən 6 kilometr qərb-cənub-qərbdə və 12 kilometr dərinlikdə qeydə alınıb. İlk 45 dəqiqədə 2,5-3,7 maqnitudalı azı dörd afterşok baş verib, 4 və daha yüksək maqnitudalı təkrar təkanların ehtimalı isə 30 faiz qiymətləndirilir. ABŞ Milli Sunami Xəbərdarlıq Mərkəzi sunami təhlükəsinin olmadığını açıqlayıb.

Los-Anceles Yanğınsöndürmə Departamentinin sözçüsü Lindsi Lantz və mer Karen Bass ilkin məlumatlara görə ciddi dağıntı və xəsarət alan olmadığını bildiriblər. Şəhər xidmətləri vəziyyəti izləyir, LAFD isə “zəlzələ rejimi”ndə 106 məntəqə üzrə quru, hava və dəniz yolu ilə yoxlamalar aparır.