Noyabrın 14–15-də Bakı şəhərində yerləşən Sərhədçi İdman Olimpiya Mərkəzində Kunqfu Sanda üzrə XXXII Azərbaycan Çempionatı və Birinciliyi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Kunqfu Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 65 klubdan 450-dən çox idmançı iştirak edib.
Yarışın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Kunqfu Federasiyasının prezidenti Nurlan Aslanov yarışı açıq elan edərək idmançılara uğurlar arzulayıb. Ardınca federasiyanın birinci vitse-prezidenti Babək Əliyev, vitse-prezident Ehram Məcidov və Hakimlər Kollegiyasının sədri Güloglan Cabbarlı çıxış edərək iştirakçılara uğurlar diləyiblər.
Mərasim çərçivəsində kunqfu üzrə xüsusi nümayişlər də təqdim olunub. Rafət Əsədov və tələbələri tərəfindən kunqfu nümayişləri keçirilib. Kunqfu üzrə dünya çempionu Elvin Səfərov Piyan stilini, Məmmədova Fatimə isə Tai Chi stilini nümayiş etdirib.
İki gün davam edən çempionat və birincilikdə yeniyetmələr, gənclər və böyüklər müxtəlif çəki və yaş kateqoriyaları üzrə mübarizə aparıblar. İdmançılar kunqfu sanda üzrə bacarıq və hazırlıq səviyyələrini nümayiş etdirərək çempionluq və birincilik uğrunda mübarizə aparıblar. Qarşılaşmalar yüksək rəqabət şəraitində keçib.
Yarışda uğurla çıxış edən Cavad İdman Klubu xüsusi nailiyyət əldə edib. Klub çempionat və birincilikdə 40-a yaxın idmançı ilə təmsil olunaraq ölkə üzrə komanda hesabında birinci yerə layiq görülüb. Bu nəticə klubun idmançılarının yüksək hazırlıq səviyyəsini və komandanın uğurlu fəaliyyətini bir daha nümayiş etdirib.
Yarışın əsas məqsədi kunqfu sanda idman növünün ölkəmizdə inkişaf etdirilməsi, gənclər arasında idmana marağın artırılması, perspektivli idmançıların müəyyənləşdirilməsi və onların peşəkar inkişafına dəstək göstərilməsidir.
Kunqfu Sanda üzrə XXXII Azərbaycan Çempionatı və Birinciliyi ölkədə döyüş idman növlərinin inkişafı, idmançıların təcrübə qazanması və kunqfu sanda idman növünün geniş təbliği baxımından mühüm əhəmiyyət daşıyıb.



Son xəbərlər
Son Xəbərlər