Kiyev ballistik raket hücumuna məruz qaldı - Yaralılar var

kiyev-ballistik-raket-hucumuna-meruz-qaldi
Oxunma sayı: 663

Ukraynanın paytaxtı Kiyev iyulun 8-nə keçən gecə Rusiyanın ballistik raket hücumuna məruz qalıb. Şəhərin müxtəlif hissələrində güclü partlayışlar eşidilib, bir neçə ərazidə yanğınlar baş verib.

“Qafqazinfo” xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko paytaxta ballistik raketlərlə zərbələr endirildiyini təsdiqləyərək, sakinləri dərhal sığınacaqlara enməyə çağırıb.

“Düşmən şəhərə ballistik raketlərlə hücum edir. Təhlükəsiz yerlərə keçin”, – deyə Tkaçenko bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri və monitorinq kanalları da hücum zamanı Kiyevə doğru ardıcıl ballistik raket buraxılışları barədə xəbərdarlıq edib.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, hücum nəticəsində ən azı iki rayonda dağıntılar qeydə alınıb. Desnyanski rayonunda raket zərbəsi nəticəsində anbarlarda yanğın başlayıb, Svyatoşinski rayonunda isə qeyri-yaşayış binasına zərbə endirilməsi nəticəsində yanğın baş verib. Hücumlar zamanı iki nəfər yaralanıb. Həmçinin şəhərin bir sıra ərazilərində elektrik kəsilib.

Hadisə ilə bağlı digər dağıntılar və mümkün itkilər barədə məlumatlar dəqiqləşdirilir.

Ukrayna monitorinq resurslarının və şahidlərin bildirdiyinə görə, ilk partlayışlar hava hücumu xəbərdarlığı verilməzdən əvvəl baş verib. İddialara əsasən, bir neçə ballistik raket əvvəlcədən aşkarlanmadan Kiyev istiqamətində hərəkət edib. Bu məlumatla bağlı rəsmi qurumlar hələlik əlavə açıqlama verməyiblər.