“İsti günlərdə suyun kəsilməsi dözülməz vəziyyət yaradır”

isti-gunlerde-suyun-kesilmesi-dozulmez-veziyyet-yaradir
Oxunma sayı: 1809

“Artıq 8 aydır ki, biz bu su problemi ilə yaşayırıq. Müraciətlərimiz də həllini tapmır”.

Bu şikayətlə “Qafqazinfo”ya Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacınski 100 yaşayış binasının sakini Elvin Məmmədov müraciət edib.

Vətəndaş deyir ki, aylardır davam edən bu problem isti yay günlərində dözülməz vəziyyət yaradır: “Səhər saatlarından verilən su axşam normadan daha tez, yəni saat 18:00 - 19:00 - 20:00 radələrində kəsilir. Yay ayı olmasına baxmayaraq suların tez kəsilməsini ümumi problem adlandırsalar da, binaətrafı yaşayış evlərində daimi su var. Su problemi Bakının bütün rayonlarında olsa da, heç bir rayonda axşam saatlarında suyun tez kəsilməsini eşitməmişəm, ən azı gecə saatlarına qədər su verilir. Bir də görürsən ki, sular günorta saatlarından səbəbsiz kəsildi”. 

E. Məmmədovun sözlərinə görə, problemlə bağlı dəfələrlə aidiyyəti quruma müraciətlər edib. Lakin 8 ay ərzində heç bir nəticəsi olmayıb: “Qaynar xəttə dəfələrlə müraciət etməyimizə baxmayaraq, bizə orada heç bir qəza olmadığını və araşdırılıb geridönüş olunacağı deyilir. Məsələn dünən, günün sonunda, təxminən saat 19:00 radələrində su yenidən verilsə də, tez kəsildi. Bu hallar dəfələrlə baş verir. "Azərsu"ya şikayətlər isə heç bir fayda vermir. Bu şikayətlərin əsassız və bütün rayonlar üzrə olduğunu bildirirlər”. 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, tənzimlənən rejimə uyğun olaraq həmin əraziyə su hər gün səhər saat 06:00-dan gecə 23:00-dək verilir: “Gecə saatlarında anbar ehtiyatının toplanması həyata keçirilir. Yalnız ötən bazar günü qeyd olunan ünvanda siyirtmədə nasazlıq yaranıb və qısa müddətdə aradan qaldırılıb. Bu da su təchizatına müəyyən dərəcədə təsir edib. Hazırda həmin ərazinin içməli su təchizatı tətbiq olunan rejimlə uyğun təmin edilir. 

Qeyd edək ki, mənbələrdən götürülən suyun azalması səbəbindən bu ilin fevral ayından Abşeron yarımadasının su təchizatında tənzimləmə rejimi tətbiq edilir. Fasiləsiz su təchizatı olan bəzi ərazilərdə gecə saatlarında, bəzi ərazilərdə isə günün müxtəlif saatlarında suyun verilməsində fasilə yaranır. Bu da anbarlarda su ehtiyatlarının toplanması ilə bağlıdır”.

Lamiyə Məmmədova