Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin məhkəməsi başlayır.
“Qafqazinfo”nun məlumatına görə, bir azdan Şəki Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçiriləcək.
İslam Rzayev keçmiş müavini, sonradan YAP-ın Balakən Rayon Təşkilatının sədri işləmiş Azad Balayevlə birgə ittiham olunur. Onlar ikisi də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.
Həm eks-icra başçısı, həm də Balayev təkrar külli miqdarda rüşvət almaqda, Rzayev isə əlavə olaraq külli miqdarda mənimsəmə cinayətlərində ittiham olunurlar.
Fotoda: Azad Balayev
.jpg)
Bu maddələrin bəzilərində 10, bəzilərində isə 12 ilə kimi həbs cəzası nəzərdə tutulur. Hələlik onların özlərini təqsirli bilib-bilmədikləri bilinmir.
İlk məhkəmədə işə mahiyyəti üzrə baxılmır. Bu gün təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcək, hüquq və vəzifələri izah ediləcək.
İslam Rzayev və Azad Balayevin vəkilləri cinayət işi ilə bağlı bir sıra vəsatətlər də hazırlayıblar. Bu gün həmin vəsatətlər də dinləniləcək, müvafiq qərarlar çıxarılacaq.
Cinayət işini Xaliq Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası araşdıracaq.
***
İslam Rzayev və Azad Balayevin cinayət işi üzrə ilk məhkəmə prosesi başa çatıb.
Təqsirləndirilən şəxslərin ikisinin də vəkilləri müvəkillərinin ev dustaqlığına buraxılması və məhkəmə istintaqının qapalı keçirilməsi ilə bağlı vəsatətlər qaldırıblar.
Dövlət ittihamçısı isə vəsatətlərin əsasız olduğunu deyib, ibtidai istintaq dövründə qanun pozuntularına yol verilmədiyindən işin məhkəmə baxışına verilməsini təklif edib.
Əsas hakim Xaliq Məmmədov vəkillərin vəsatətlərini təmin etməyib.
İş üzrə əsas iclas 11 dekabra təyin edilib. Məhkəmə istintaqı açıq keçiriləcək.
Qeyd edək ki, 14 il Balakənin icra başçısı işləyən İslam Rzayev 60 yaşında DTX tərəfindən keçirilən xüsusi əməliyyatla tutulub. Bu, son 7 ildə vəzifə cinayətlərinə görə həbs edilən onuncu icra başçısıdır.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər