“İsanı görmək istəyirəm” deyib təyyarənin qapısını açmaq istədi - Havada qorxulu anlar - Video

isani-gormek-isteyirem-deyib-teyyarenin-qapisini-acmaq-istedi
Oxunma sayı: 115

ABŞ-də San-Dieqodan Çikaqoya uçan “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsində insident olub.

“Qafqazinfo” xəbər verir ki, Arizona-Kaliforniya sərhədi üzərində uçan 1494 saylı reysdə sərnişinlərdən biri yerindən qalxaraq “İsanı görmək istəyirəm, məni bu təyyarədən düşürün” deyə qışqırıb və həm yan, həm də əsas giriş qapısını açmağa cəhd edib.

Bələdçinin “qapıdan uzaqlaşın” çağırışından sonra ekipaj üzvləri və bir neçə sərnişin müdaxilə edərək həmin şəxsi yerə yıxıb zərərsizləşdiriblər. Qarşıdurmanın təyyarənin arxa hissəsinə yayılmaması üçün bələdçilərdən biri içki arabasını dəhlizə itələyərək keçidi bağlayıb. Yaranmış təhlükəli vəziyyətlə əlaqədar təyyarə marşrutunu dəyişərək Finiks şəhərinə təcili eniş edib.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, insident zamanı yalnız qapını açmağa çalışan şəxs yüngül xəsarət alıb və müayinə üçün xəstəxanaya yerləşdirilib. Sərnişin polisə təhvil verildikdən sonra təyyarə Çikaqoya uçuşunu davam etdirib.

Faktla bağlı Federal Təhqiqatlar Bürosu (FTB) məlumatlandırılıb və araşdırma başlanıb.