İran Hörmüz boğazında yerləşən Omanın Didamar adasındakı gəmi naviqasiya sistemlərinə hücum edib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məsələdən məlumatlı üç mənbə məlumat verib.
Bildirilib ki, hücumun vurduğu ziyanın miqyası hələlik məlum deyil. Naviqasiya sistemlərinin məhv edilib-edilmədiyini də müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) adadakı “düşmən naviqasiya sistemlərini” məhv etdiyini açıqlayıb. Avropa İttifaqının “Copernicus” peyk proqramının görüntülərində də ərazidə istilik aktivliyi qeydə alınıb.
Dəniz nəqliyyatı və təhlükəsizlik sahəsindəki mənbələr hücumun Hörmüz boğazında kommersiya gəmiçiliyinə təsirinin məhdud olacağını bildiriblər. Buna səbəb digər ərazilərdə alternativ naviqasiya sistemlərinin mövcudluğudur.
Qeyd edək ki, fevralın sonlarında ABŞ və İsrailin İranla müharibəsinin başlamasından sonra Hörmüz boğazında gəmi hərəkəti ciddi şəkildə pozulub. Körfəz ölkələri neft ixracını bərpa etmək üçün Oman və BƏƏ sahillərində tankerlər arasında neftin ötürülməsi kimi alternativ üsullardan istifadə edirlər.
Sentyabr və oktyabr aylarında Körfəz ölkələrinin neft ixracı müharibədən əvvəlki səviyyənin 80 faizini ötüb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və Omanın İnformasiya Nazirliyi hadisə ilə bağlı sorğulara hələlik cavab verməyib.
Son xəbərlər
Son Xəbərlər