İnfantinoya rəqib olmaq istəyir

infantinoya-reqib-olmaq-isteyir
Oxunma sayı: 700

Londonun “Tottenhem” klubunun və İsveçrə milli komandasının sabiq müdafiəçisi Ramon Veqa FIFA prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, o, ali futbol qurumunun hazırkı rəhbəri Canni İnfantinonun ilk rəqibi olub.

“Mənim məqsədim aydındır: futbola və bu oyuna nəfəs verən insanlara xidmət etmək. Mən dünya futbol ailəsini birləşdirmək, real və uzunmüddətli islahatlar həyata keçirmək, FIFA-nı 21-ci əsrin tələblərinə uyğun olaraq modernləşdirmək, təşkilatın sabitliyini və inamını bərpa etmək üçün namizədliyimi irəli sürürəm”, – deyə Veqa qarşısına qoyduğu hədəfləri açıqlayıb.

Hələlik Veqanın namizədliyini konkret hansı futbol federasiyasının rəsmən dəstəklədiyi açıqlanmır. Lakin bir qədər əvvəl onun vətəni İsveçrənin Futbol Federasiyası növbəti seçkilərdə İnfantinoya olan dəstəyini geri çəkmişdi.

Qeyd edək ki, FIFA prezidenti seçkiləri 18 mart 2027-ci ildə Mərakeşdə keçiriləcək FIFA Konqresi çərçivəsində baş tutacaq. Namizədlərin müraciətlərinin qəbulu noyabrın 18-dək davam edəcək.