İlk sərnişinin izi ilə...

ilk-sernisinin-izi-ile
Oxunma sayı: 4194

Biz vaqonların təkcə ev olmadığını illər sonra anlamışdıq. Bunun funksiyasının əslində, insanları, yükləri bir məmləkətdən başqa bir məmləkətə aparmaqdan ibarət olduğunu anlayanda, artıq məcburi köçkün statusumuzun yubileyləri qeyd olunurdu.

1990-cı illərin əvvəllərində minlərlə qaçqın və məcburi köçkün Azərbaycan dəmir yollarında məskunlaşmışdı. Burada insanların yaşaması üçün şərait olmasa da, hər halda, minlərlə azərbaycanlı açıq səma altında qalmaqdan qurtarılmışdı. 

O gün yenə artıq keçmiş məcburi köçkün olaraq işğaldan azad olunan Ağdama getmişdim. İlk səfərdən fərqli olaraq, bu dəfə şəhər mərkəzinə doğru irəliləyəndə dəmir yolu xəttinin üzərindən keçdik. Birinci səfərdən fərqli olaraq, bu dəfə sağa-sola baxdıq. Çünki 1993-cü ildə işğal nəticəsində məhv edilən, tamamilə dağıdılan, indi isə yenidən bərpa olunan dəmir yolu xətti ilə qatar gələ bilərdi... 

Baxdığımız yer təkcə qatarın yox, həm də inkişafın yolu idi. İnkişafın yoluna, tarixə boylanmağın isə vaxtıdır...

Sözsüz ki, digər sahələrdə olduğu kimi, Azərbaycan dəmir yollarının inkişafında da ümummilli lider Heydər Əliyevin xüsusi rolu var. Məhz ulu öndərin respublikaya rəhbərlik etdiyi ilk dövrdə, eləcə də SSRİ hökumətində tutduğu rəhbər vəzifələrdə olduğu zaman Azərbaycan dəmir yolları üçün etdikləri əvəzsizdir. Təsadüfi deyil ki, mütəxəssislər bu dövrü “Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü” adlandırırlar.

Məhz 1970-ci illərdə Azərbaycan dəmir yollarında dövr üçün arxaizm olan parovozlar istifadədən tam çıxarıldı. Magistral xətlərdə parovozları teplovozlar və elektrovozlar əvəz etdi. 1970-ci illərin ən böyük nailiyyəti əsas xətlərin elektrikləşdirilməsi oldu. Azərbaycanın bütün dəmiryol xətləri, o cümlədən Bakı–Böyük Kəsik, Bakı–Yalama hissələri, Qazıməmməd– ƏliBayramlı, Alabaşlı–“Quşçu körpüsü” və s. elektirləşdirilmişdi. 

Dəmir yollarının elektrikləşdirilməsi bütün mövcud infrastrukturun modernləşdirilməsi problemini ortaya çıxardı. Heydər Əliyevin qayğısı sayəsində bu böyük iş tez bir zamanda həyata keçirildi. 1970-ci illərdə Bakı deposunda elektrik qatarları vaqonlarının mexaniki yuyulması üçün yeni qurğular quraşdırıldı. Böyükşor deposu bütünlüklə elektrik qatarlarının təmiri və baxışı üçün avadanlıqla təmin edildi və 1977-ci ildə Bakı deposu ilə birləşdirildi. 

1979-cu ildə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam–Xankəndi dəmir yolu inşa olundu. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgələrinə dəmiryol xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha
da sürətləndi. Bakı-Xankəndi qatarının ilk sərnişini də Heydər Əliyev olmuşdu. 

1981-ci ildə Yevlax–Şəki–Balakən dəmir yolunun inşasına başlanılıb.

1980-ci illərdə SSRİ rəhbərliyində məsul vəzifədə çalışmasına baxmayaraq, Heydər Əliyev bu yolun inşasına xüsusi diqqət yetirirdi. 1985-ci ildə Bakı–Yevlax–Şəki–Balakən dəmir yolunun açılışı Azərbaycanın şimal-qərb bölgələrinin inkişafını daha da sürətləndirdi. 1989-cu ildə Culfa–Şərur və ƏliBayramlı–İmişli yolları açılıb.

Görülmüş işlər nəticəsində Azərbaycan dəmir yollarında daşınan yüklərin həcmi rekord göstəriciyə çatdı. Artıq 1987-ci ildə Azərbaycan dəmir yolları ilə 120 mln. ton yük daşınmışdı. 1980-ci illərdə respublikada daşınan yüklərin 80%-i, sərnişinlərin 50%-i dəmir yolları ilə daşınırdı.

SSRİ-nin ovaxtkı rəhbərləri, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid Brejnev 1970 və 1978-ci illərdə Azərbaycana səfərləri zamanı respublikaya dəmir yolu ilə gəlib.

1970-ci illərdə sərnişin daşınmasının artması ilə könhə vağzal binaları onların üzərinə düşən ağırlığa tab gətirə bilmirdi. Yeni, daha müasir vağzal binasına ehtiyac yarandı. Odur ki, Bakının “Tiflis vağzalı” ilə metro stansiyası arasında yeni vağzal binasının inşasına başlanıldı. Yeni Bakı vağzalı əslində, vağzal–mehmanxana kompleksi idi. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Qafqazda ən böyük vağzal idi. 

1976-cı ildə yeni dəmiryol vağzalının təntənəli açılışı oldu. Vağzal binaları təkcə Bakıda deyil, regionlarda da inşa edilirdi.

Bu dövrün vacib xüsusiyyətlərindən biri dəmir yolları ilə bağlı elmi, tədris, texniki və metodik ədəbiyyatın Azərbaycan dilində çap olunması idi. Azərbaycançılıq məfkurəsinin yaradıcısı olan Heydər Əliyev istər dilin zənginləşdirilməsi, istərsə də, bütün sahələrdə milli kadrların yetişdirilməsi baxımından çıxış edərək bütün lazımi ədəbiyyatların Azərbaycan dilində hazırlanmasını və ya tərcümə edilib çap olunmasını tələb edirdi. Dəmir yollarında milli kadrların sayının artırılmasında məhz bu amil vacib rol oynamışdı.

Heydər Əliyevin səyləri ilə 1970–1987-ci illərdə yüzlərlə azərbaycanlı gənc respublikadan kənarda ali təhsil ocaqlarına dəmiryolçu peşəsinə yiyələnməyə göndərilirdi. 

1975-ci il planının vaxtından əvvəl yerinə yetirilməsi və IX beşilliyin müvəffəqiyyətlə başa çatdırılması uğrunda Ümumittifaq sosializm yarışında ən yüksək nəticələrə görə Azərbaycan Dəmir Yolu 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın, SSRİ Nazirlər Sovetinin keçici Qırmızı bayrağı ilə təltif edilib.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri L.İ.Brejnevin və katibi M.Georqadzenin imzaladıqları SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1980-ci il fərmanında qeyd olunub ki, “yüksək istehsalat nəticələrinə görə” Azərbaycan Dəmir Yolu “Oktyabr inqilabı” ordeni ilə təltif edilib.

Beləliklə, Azərbaycan dəmir yolu ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində 1970–1987-ci illər də yüksək nailiyyətlər əldə etmişdi. 

Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi, respublikanın dəmir yoluna da külli miqdarda ziyan vurulmuşdu. Belə ki, infrastrukturu ilə birlikdə 16 dəmir yolu stansiyası, o cümlədən Mərcanlı, Mahmudlu, Soltanlı, Xələfli, Qumlaq, Həkəri, Xurama, Mincivan, Şeyifli, Bartaz, Ağbənd, Ağdam, Əsgəran, Xocalı, Xankəndi, Bərxudarlı stansiyaları, 200 km-dən artıq dəmir yolu xətti, 10 ədəd teplovoz, 13 ədəd sərnişin vaqonu, 65 ədəd drezin, avtomaşın, generator və dizel-generatorlar və s. zəbt edilmişdi. Bundan başqa, eməni şovinistləri tərəfindən dəmir yollarımıza qarşı yüzlərlə təxribatlar törədilib, insanlar öldürülüb.

Ümumilikdə dəmir yoluna təqribən 540 mln. manat məbləğində maddi ziyan vurulmuşdu.

1993-cü ildə ölkə vətəndaş müharibəsi və yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. 15 iyun 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdır və öz qayıdışı ilə ölkədə baş verən tənəzzülü dayandırmağa müvəffəq olur. Heydər Əliyev iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərinin icrasına başladı. 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində ölkə Prezidenti seçildi.

Qısa müddət ərzində sabitlik bərpa olundu və ölkənin iqtisadi dirçəlişi üçün tədbirlərin görülməsinə başlanıldı. Xarici investisiyaların cəlb edilməsi məqsədilə cəsarətli siyasi addımlar atıldı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı.

İqtisadiyyatın digər sahələrində olduğu kimi, dəmir yollarında da dirçəliş başlamışdı. Hələ 1994-cü ildə Azərbaycan ordusunun keçirdiyi uğurlu əməliyyat nəticəsində Horadiz şəhəri erməni qəsbkarlarından azad edildi. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə dəmir yollarının Horadiz stansiyasına qədər olan hissəsi bərpa olundu və işlək vəziyyətə gətirildi.

8 avqust 1995-ci ildə Azərbaycan Dəmir Yoluna “Azərbaycan Dövlət Dəmir Yolu” adı verildi.

1996-cı il iyulun 18–19-da Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və dəmir yolundakı neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Ölkə prezidenti böhran vəziyyətinin aradan qaldırılması istiqamətində təcili tədbirlər görülməsini tələb etdi. 

1996-cı il dekabrın 28-də Azərbaycan Dövlət Dəmir Yolunun ilk firma qatarı Bakı–Ağstafa marşrutu üzrə sərnişinlərin istifadəsinə verildi. Sonradan Azərbaycanın digər istiqamətlərinə hərəkət edən qatarlar firma qatarları səviyyəsində yeniləşdirildi.

1996-cı ildən Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizində iştirak etməyə başladı. Buna nail olmaq üçün Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti gərgin danışıqlar aparmalı oldu. Bu danışıqlar həm qonşu ölkələrin rəhbərləri, həm də Azərbaycan Dövlət Dəmir Yolunun üzv olduğu beynəlxalq nəqliyyat qurumları ilə aparılırdı. Aparılmış danışıqlar nəticəsində Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan Azərbaycanın əlverişli tranzit əhəmiyyətli dövlət kimi bölgədəki lider statusu təmin olundu.

Artıq 1997-ci ilin may ayından Bakıdan Moskvaya gedən qatarların hərəkəti bərpa edildi. Dekabrın 4-dən Bakı–Rostov istiqamətində yeni sərnişin qatarı xəttə buraxıldı. Ondan sonra Kiyev, Brest, Xarkov, Həştərxan, Yekaterinburq, Sankt-Peterburq, Tümen, Novosibirsk, Voronej, Lvov, Brest, Simferopol, Odessa, Saratov, Ufa, Çelyabinsk şəhərlərinə hərəkət edən sərnişin qatarları və qoşma vaqonlar hərəkətə buraxıldı. Naxçıvan–Təbriz marşrutu üzrə qatarlar həftədə 1 dəfə işləməyə başladı.

1998-ci il yanvarın 4-də Prezident Heydər Əliyevin iştirakı ilə Dübəndi neft terminalının və stansiyasının açılış mərasimi keçirildi. Stansiyada quraşdırılan avadanlıq tez və ekoloji baxımdan təhlükəsiz şəraitdə sisternləri neftlə doldurub yola salmağa imkan verirdi. Ulu öndər bu tədbirdə dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirir və buraxılan səhvlərin artıq aradan qaldırıldığını qeyd edir.

1998-ci ilin nəticələrinə görə Bakı vaqon təmiri zavodu keyfiyyət üzrə “Nəqliyyat üzrə beynəlxalq mükafat”a (Madrid, İspaniya) layiq görülür.

Azərbaycan dəmir yollarının dünya nəqliyyat sisteminə inteqrasiya prosesi davam edirdi. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7–9-da Bakıda Böyük İpək yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. 13 dövlətin və 32 beynəlxalq təşkilatın iştirak etdiyi tədbirdə bir sıra vacib sənədlər, o cümlədən “Beynəlxalq tranzit daşınmaları haqqında əsas çoxtərəfli razılıq”, həmçinin 5 texniki əsasnamə, o cümlədən “Dəmir yolu daşımaları sahəsində əməkdaşlıq barədə” müqavilə qəbul edilmişdi.

2000-ci ildən Azərbaycan dəmir yolları ilə yükdaşımaların həcmi hər il 25% artmağa başlamışdı. 

Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi dövlət başçısı İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır.

Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncama əsasən, hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün – Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdı. Bir il sonra isə ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalanıb. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu ildə isə Böyük qayıdışın rəzmlərindən olan Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisinin başa çatdırılması nəzərdə tutulur. Bir vaxtlar sakini olduğumuz vaqonların bu dəfə sərnişini olacağıq...

Emin Səfərov

Məqalə “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.