Xəbər verdiyimiz kimi, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam Marafonu” başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Muğam Marafonu iyunun 24-də İçərişəhərdə Şirvanşahlar Sarayında saat 12-də start götürüb.
Tədbirdə ilk çıxış edən tarzən İbrahim Babayev olub.
Daha sonra Əməkdar artist Zakir Əliyev, malayziyalı musiqiçi Kamal Sabran, xanəndə Hüseyn Məlikov, rusiyalı ifaçı Katya Yonder, xanəndə Almaxanım Əhmədli və digərləri çıxış ediblər.
Qeyd edək ki, Muğam Marafonu iyunun 25-i saat 12-yədək davam edəcək.
Bəzi sənətçilər ifalarını Şirvanşahlar Sarayının damında ifa edir. Onların çıxışını Qız Qalası yaxınlığında quraşdırılmış monitordan da izləmək mümkündür.
24 saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları müşayiət edən heyətlə birgə muğam ifa edəcək. “Muğam Marafonun”da xanəndələrlə yanaşı bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edir.
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivsində təşkil olunan “Muğam Marafonu” dinləyicilər üçün 1 gün ərzində dayanmadan muğamın ecazkar dünyasına bir səyahətdir.
Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Son xəbərlər
Son Xəbərlər