Hindistan çayı bahalaşa bilər

hindistan-cayi-bahalasa-biler
Oxunma sayı: 1305

Hindistanda koronavirus infeksiyasına yoluxmanın, eləcə də quraqlığın kəskin artması çay yarpaqlarının yığılmasına mane ola bilər. İstehsalçıların sözlərinə görə, əgər COVID-19-a yoluxma ilə bağlı vəziyyəti nəzarət altına götürmək mümkün olmasa, çayın qiyməti arta bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Finanical Times” (FT) qəzeti yazır.

Qəzet yerli Çay Assosiasiyasına istinadən qeyd edir ki, ölkənin ən böyük çay istehsalçısı olan Assam ştatında 90 çay plantasiyasında 500-ə yaxın koronavirusa yoluxma halı qeydə alınıb. Lakin, plantasiya sahibləri bildirir ki, pandemiyanın real miqyasını müəyyən etmək üçün əlavə test aparmaq lazımdır. Bundan əlavə, hakimiyyət koronavirusun ştatın digər 800 plantasiyasında yayılmasını dayandırmağa çalışır.

Həmkarlar ittifaqlarının nümayəndələri hesab edirlər ki, plantasiya işçiləri arasında xəstələnmənin artmasına səbəb həyat və əmək şəraitidir. Belə ki, onlar böyük qruplarla işləyir və hərəkət edirlər.

Qəzetin məlumatına görə, hakimiyyət plantasiyaların işçiləri üçün vaksinasiya məntəqələri açır, lakin vaksinlərin çatışmazlığı səbəbindən hamını peyvənd etdirmək hələ mümkün deyil.

Vəziyyəti, həmçinin Assam və ölkənin şimal-şərqindəki ştatlarda güclü quraqlıq daha da dərinləşdirir.