Hicabsız mahnı oxuduğuna görə ağır cəzalandırılan məşhur müğənni ilə bağlı - Yeni iddia - Video

hicabsiz-mahni-oxuduguna-gore-agir-cezalandirilan-meshur-mugenni-ile-bagli
Oxunma sayı: 51

İranda hicabsız konsert verdiyinə görə 74 şallaq cəzasına məhkum edilən 29 yaşlı müğənni Pərəstu Əhmədi ilə bağlı yeni iddialar ortaya atılıb.

“Qafqazinfo” xəbər verir ki, “Iran Screenshot” media platforması “X” sosial şəbəkəsində yayımladığı videoda sənətçinin konsertinin sadəcə musiqi tədbiri olmadığını, əvvəlcədən planlaşdırılmış təxribat xarakteri daşıdığını iddia edib.

Məlumata görə, çəkilişlər üçün xüsusi peşəkar komanda cəlb olunub və konsertin təşkilinə təxminən 4000 dollar (6800 manat) vəsait xərclənib. İddiada məqsədin beynəlxalq ictimai rəy vasitəsilə İran hakimiyyətinə təzyiq göstərmək olduğu bildirilib.

Lakin müstəqil fakt-yoxlama platforması olan “What the Fact”in yaydığı hesabatda bu iddiaların heç bir dəlilə əsaslanmadığı qeyd olunub. Həmçinin videoda hicabsız çıxış edən digər müğənni Hiva Seyfizadənin yalnız cərimə və ictimai işlərlə cəzalandırıldığı vurğulansa da, onun əvvəlcə 4 il həbs cəzası aldığı və qərarın sonradan apelyasiya məhkəməsi tərəfindən ləğv edildiyi faktı gizlədilib.

Xatırladaq ki, Pərəstu Əhmədi 2024-cü il dekabrın 11-də İranın Qum əyalətindəki tarixi Deyr-e-Gəçin karvansarayında baş örtüyü olmadan və çiyinləri açıq libasda verdiyi tamaşaçısız konsertin görüntülərini “YouTube”da paylaşmışdı. Sənətçi görüntülər yayıldıqdan üç gün sonra saxlanılıb.

Ümumilikdə 9 nəfərin təqsirləndirildiyi cinayət işi üzrə müğənni ilə yanaşı, musiqiçilər Süheyl Fəqih Nəsiri, Amin Tahiri, Əmirəli Pirniya və təşkilatçı Möhsün Ləşkərinin hər biri 74 şallaq cəzasına məhkum edilib, onlara 2 il müddətinə sənət fəaliyyəti və ölkədən çıxış qadağası qoyulub. Hökmün icrası çərçivəsində 5 nəfərin şallaq cəzası noyabrın 23-də həyata keçirilib.

Fransa Xarici İşlər Nazirliyi məsələyə sərt reaksiya verərək məhkəmə hökmünü “qeyri-insani” adlandırıb və rəsmi Tehranı iranlı qadınlara qarşı repressiyalara son qoymağa çağırıb.