“Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı keçirilib - Foto+Video

heyder-eliyev-ve-azerbaycan-tarixi-umumrespublika-bilik-yarisi-kecirilib
Oxunma sayı: 3194

Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində növbəti ümumrespublika bilik yarışı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub. 

Artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.

18 Oktyabr - Müstəqilliyin Bərpası Günündə keçirilən yarışda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin gənclərlə görüşlərini, Ulu Öndərin gənclərə olan mühüm tövsiyələrini və Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini əks etdirən videoçarx nümayiş olunub. 

Yarışa maraq ilbəil artır və builki bilik yarışına ölkənin 50 ali təhsil müəssisəsinin komandaları qatılıb. Hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət komanda təmsil edib.

Yarışa qatılan gənc tələbələr bu günü böyük həyəcanla gözlədiklərini bildiriblər. Belə ki, komandalar yarışa hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyində saxlanılan arxiv materiallarla tanış olub. 

İştirakçı Mirzəhra Bağırova deyir ki, təxminən 1 aya yaxın müddətdir ki, bu yarışa hazırlaşırdılar: “Ulu öndərimiz Heydər Əliyevin həyat və yaradıcılığı, DTX-a dövrü və digər ictimai-siyasi, iqtisadi uğurlarını ətraflı məlumatlar əldə etmişik.  Bundan başqa, onun təhsilə, elmə, sənətə olan töhvələrini öyrənmişik. Ümid edirəm ki, birincilik əldə edəcəyik”. 

Digər iştirakçı Murad Zakirli isə bildirib ki, bu yarışa hazırlıq müddətində yeni məlumatlar öyrənib, bildiklərini daha da təkmilləşdiriblər: “Heydər Əliyevin həyatını daha yaxından tanıyıb və öyrənib, bildiklərimizi yarışda da tətbiq edə bilmək üçün çalışmışıq. Komanda ilə yarışa hazırlıq müddəti zamanı iki dəfə Heydər Əliyev Mərkəzində olmuşuq. Burada materiallarla tanış olduq və daha sonra araşdırmamızın əhatəsini biraz da genişləndirdik. Hazırda özümüzü tam hazır hiss edirik və buraya qalibiyyət üçün gəlmişik”. 

İştirakçılar “Heydər Əliyevin uşaqlıq və gənclik illəri”, “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycan Ordusunun Vətən müharibəsindəzəfər yürüşü” və digər mövzularda biliklərini sınayıblar. 

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən I, II və III yerləri tutan komandalar mükafatlandırılıb. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbi 29 balla III, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası 30 balla II, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev Adına Akademiyası 31 balla I yeri tutub. 

III yerə layiq görülən Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinin kursantı çavuş Çingiz Səfiyev bu yarışda uğur əldə etməyin çox önəmli olduğunu deyib: “Belə bir əlamətdar gündə uğur qazandığımız üçün çox xoşbəxtik. Bu uğrumuzu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş silahdaşlarımıza həsr edirik”. 

II yerə layiq görülən Daxili İşlər Nazirliyi Polis Akademiyasını təmsil edən komandanın kapitanı polis leytenantı Asəf Hüseynov bildirib ki, həyəcanlı və mübarizə dolu bir yarış olub: “Təəssüf ki, I yeri tuta bilmədik. Lakin 50 ali təhsil müəssisəsi arasında ikinci yerə layiq görülmək böyük uğurdu.  Çox gözəl mübarizə apardıq. Bu uğrumuzu şəhidlərimizin əziz xatirəsinə həsr edirik. Bundan sonrakı yarışlarda daha böyük uğurlara imza atmağı arzulayıram”. 

Sonda yarışma iştirakçıları və münsiflər heyətinin xatirə fotosu çəkilib.

Lamiyə Məmmədova

Video: Pərvin Zeynal