Fransa “Liqa 1”inin lideri “Paris Sen-Jermen” (PSJ) növbəti tur çərçivəsində səfərdə “Havr” komandasını 5:1 hesabı ilə darmadağın edib. Qarşılaşma həm kapitan Əşrəf Hakimi, həm də baş məşqçi Luis Enrike üçün əlamətdar hadisələrlə yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, zədəli əsas hücumçular Usman Dembele və Xviça Kvaratsxeliyanın yoxluğunda meydana çıxan parislilər 18-ci dəqiqədə Coş Majanın qolu ilə geriyə düşsələr də, tezliklə oyunda dönüş yaradıblar.
Mərakeşli sağ cinah müdafiəçisi Əşrəf Hakimi komandasının vurduğu 5 qolun hər birində birbaşa pay sahibi olub - o, karyerasında ilk dəfə het-trik edib və 2 məhsuldar ötürmə verib. Mika Qodts və Senni Mayulunun qollarında da iştirak edən 27 yaşlı futbolçu peşəkar karyerasının 486-cı matçında tarixi uğura imza atıb.
Hakimi Avropanın aparıcı 5 liqasında son 4 mövsümdə bir oyunda 5 qol epizodunda (qol və ya ötürmə) iştirak edən cəmi 4-cü futbolçu olub. “Liqa 1”də buna sonuncu dəfə 2022-ci ildə PSJ forması ilə Neymar nail olmuşdu.
Bu qələbə ilə baş məşqçi Luis Enrike parislilərin sükanı arxasında 127-ci qələbəsini qazanıb. İspan mütəxəssis Loran Blanı geridə qoyaraq klub tarixinin ən çox qələbə qazanan məşqçisi rekordunu təkbaşına ələ keçirib.
Qeyd edək ki, mövsümə uğursuz başlayan və ilk 3 oyunda cəmi 1 xal toplayan PSJ bu nəticə ilə bütün turnirlərdə ardıcıl 9-cu, çempionatda isə 6-cı qələbəsini qazanıb.
Son xəbərlər
Son Xəbərlər


