Hakim oyuna sərxoş çıxdı - Futbolda görünməmiş qalmaqal - Video

hakim-oyuna-serxos-cixdi
Oxunma sayı: 3384

Asiya Çempionlar Liqasında BƏƏ-nin “Əl-Cəzirə” və İranın “Qol Gohar” komandaları arasında keçirilən matçda qalmaqallı hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, oyunun suriyalı baş hakimi Hana Xattab matçı sərxoş halda idarə etmək iddiaları səbəbindən fasilədə əvəzlənib.

Qalmaqala matçın 32-ci dəqiqəsində yaşanan qəribə epizod səbəb olub. Meydanın mərkəzində “Qol Gohar”ın futbolçusu Əli Əsgər Aşuriyə qarşı kobudluq edildikdən sonra baş hakim bir müddət tərəddüd edib və daha sonra qaydanı pozan oyunçunun əvəzinə “Əl-Cəzirə”nin türkiyəli qapıçısı Ersin Destanoğlunu yanına çağıraraq ona sarı vərəqə göstərib.

Hakimin qərarlarından və qeyri-stabil davranışlarından narazı qalan İran təmsilçisinin məşqçilər heyəti onun sərxoş olduğunu bildirib və hakim dəyişdirilməyəcəyi təqdirdə meydanı tərk edəcəklərini deyiblər.

“Qol Gohar”ın məşqçisi Heydər Əfsari oyundan sonra açıqlamasında vəziyyətin hər iki komandanı təəccübləndirdiyini deyib: “Hakim normal vəziyyətdə deyildi. Hətta “Əl-Cəzirə”nin futbolçuları da bizə eyni şeyi dedilər. Rəqibin 77 nömrəli oyunçusu ikinci qayda pozuntusundan sonra qırmızı vərəqə almalı idi, lakin hakim vərəqəni qapıçının adına yazdı”.

İddialar rəsmi təsdiqini tapmasa da, Asiya Futbol Konfederasiyası (AFK) klubun etirazından sonra fasilədə baş hakimi dəyişmək məcburiyyətində qalıb.

Qeyd edək ki, qarşılaşma “Əl-Cəzirə”nin braziliyalı ulduzu Anderson Taliskanın vurduğu qolla 1:0 hesablı qələbəsi ilə başa çatıb.