FHN-də konfrans keçirildi - Fotolar

fhn-de-konfrans-kecirildi
Oxunma sayı: 5804

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsində “Müasir dövrdə tikinti obyektlərinin layihələndirilməsinin əsas prinsipləri” mövzusunda videokonfrans təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan videokonfransa 170 nəfər mütəxəssis qatılıb.

FHN TTNDA-nin rəis müavini Elxan Əsədov bildirib ki, xalqın tələb və təkidi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra tamamilə məhv olmaqda olan bu sektorda canlanma başlayıb. Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində ölkəmizdə tikinti-quruculuq və abadlaşdırma işlərinin daha da genişləndiyini və bu sahədə əhəmiyyətli nəticələr əldə olunduğunu vurğulayıb.

Sonra FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli çıxış edərək ölkədə tikinti sahəsində mühüm irəliləyişlərin baş verdiyini diqqətə çatdırıb və bildirib ki, respublikamızda aparılan tikinti-quruculuq işlərində müşahidə olunan dinamik inkişaf həm də ümumi iqtisadi inkişafın əyani sübutudur.

Sonra mövzu ətrafında Ekspertiza İdarəsinin şöbə müdirləri və müvafiq bölmələrin aparıcı mütəxəssisləri bəzi layihə təşkilatları tərəfindən layihə-smeta sənədlərinin tərtibatında buraxılan qüsurlar barədə geniş məlumat veriblər.

Tədbirdə qaldırılan suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb, təkliflər səsləndirilib.