13 illik fasilədən sonra cümə axşamı satışa çıxarılan “Grand Theft Auto 6” (GTA 6) videooyunu əyləncə sənayesi tarixinin ən böyük debütünə imza atıb.
“Qafqazinfo” xəbər verir ki, “Sensor Tower” analitik platformasının məlumatına görə, oyun ilk gündəcə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib.
Müqayisə üçün, ilin ən çox gəlir əldə edən filmi “Hörümçək Adam: Yeni Gün” bütün nümayiş dövründə 2,5 milyard dollar qazanmışdı.
İstehsal xərcləri 1 milyard dolları keçən “GTA 6” videooyun tarixinin ən bahalı layihəsi sayılır. Floridadan ilhamlanan Leonida ştatında Lusiya və Ceysonun hekayəsindən bəhs edən oyunun satışlarının 75 faizi “PlayStation 5”, qalanı isə “Xbox” konsollarının payına düşüb. “Niko Partners” şirkəti layihənin bu il dünya üzrə 3 milyard dollardan çox gəlir əldə edəcəyini proqnozlaşdırır.
Oyunun 212 giqabaytlıq faylını yükləmək üçün oyunçuların kütləvi axını Böyük Britaniyanın “Virgin Media O2” operatorunda axşam saatları üzrə internet trafik rekordunu yeniləyib. Açıq səhnələrə görə layihə Yaponiyada senzuraya məruz qalıb, Çində isə satış icazəsi ala bilməyib. “Rockstar Games” hələlik oyunun kompüter (PC) versiyasının və onlayn çoxoyunçulu rejiminin buraxılış tarixini açıqlamayıb.
Son xəbərlər
Son Xəbərlər