“Əsrin boşanması” bitir - Milyarder ayrılmaq üçün 702 milyon ödəməyə razılaşdı

esrin-bosanmasi-bitir
Oxunma sayı: 1765

Cənubi Koreyanın nəhəng “SK Group” konqlomeratının sədri Çey Tae-von təxminən on il davam edən qalmaqallı boşanma və əmlak bölgüsü mübahisəsinə son qoymaq üçün addım atıb.

“Qafqazinfo”nun xəbərinə görə, hüquqi mənbələrdən “Yonhap”a bildirilib ki, iş adamı keçmiş həyat yoldaşı, “Art Center Nabi”nin direktoru Ro So-yonqa məhkəmənin təyin etdiyi 944 milyard von (təxminən 702 milyon ABŞ dolları) məbləği tam şəkildə ödəməyi təklif edib.

Məlumata görə, Çey Tae-von Ali Məhkəməyə müraciət edərək apellyasiya instansiyasının son qərarı əsasında tərəflərə barışıq sazişi tövsiyə etməsini xahiş edib. Cənubi Koreya qanunvericiliyinə əsasən, məhkəmənin barışıq tövsiyəsi tərəflərə təqdim edildikdən sonra iki həftə ərzində etiraz olunmazsa, yekun hökm qüvvəsi qazanır.

İş adamının vəkilləri bildiriblər ki, bu addımın məqsədi 2017-ci ildən bəri davam edən hüquqi mübarizəyə qəti şəkildə son qoymaqdır: “Təyin olunmuş məbləği tam ödəməklə əmlak bölgüsü ilə bağlı bütün mübahisələri bağlamaq niyyətindəyik”.

Tərəflər arasındakı məhkəmə prosesi illərdir ölkə gündəmindən düşmürdü. 2022-ci ildə aşağı instansiya məhkəməsi Çeyin “SK” şirkətindəki səhmlərini onun şəxsi mülkiyyəti sayaraq, keçmiş arvadına cəmi 66,5 milyard von əmlak payı və 100 milyon von aliment ödəməsinə qərar verib. Lakin 2024-cü ildə Seul Ali Məhkəməsi bu qərarı ləğv edərək səhmləri bölgüyə daxil edib. Məhkəmə Ro So-yonqun atası, Cənubi Koreyanın keçmiş prezidenti Ro Te-vuya məxsus 30 milyard vonluq qeyri-qanuni vəsaitin vaxtilə “SK Group”un böyüməsinə yönəldildiyini əsas gətirərək, təzminat məbləğini 1,38 trilyon vona, alimenti isə 2 milyard vona qaldırıb.

2025-ci ilin oktyabrında Ali Məhkəmə keçmiş prezidentin qeyri-qanuni vəsaitlərinin ailə töhfəsi sayıla bilməyəcəyini bildirərək işi geri qaytarıb. Buna baxmayaraq, iyul ayında keçirilən təkrar baxışda Seul Ali Məhkəməsi səhmlərin yenə də bölünməli olduğuna qərar verərək yekun məbləği 944 milyard von müəyyənləşdirib.

Əvvəlcə bu məbləğin 244 milyard vonluq hissəsinə etiraz edən Çey Tae-von indi bütün məbləği ödəməyə razılaşıb. Qarşı tərəfin - Ro So-yonqun da son qərardan şikayət verməməsi “əsrin boşanması” kimi tanınan prosesin yaxın günlərdə rəsmən bağlanacağından xəbər verir.