Xarici işlər naziri Ceyhun Bayramov videokonfrans formatında baş tutan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxış edib.
“Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, Ceyhun Bayramov 2023-cü il ərzində QDİƏT-ə sədrlik edən qardaş Türkiyəni uğurlu və dinamik sədrlik münasibətilə təbrik edib.
Nazir Azərbaycanın bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində əməli addımlar atdığını, bu istiqamətdə görülən işlərin öz növbəsində Orta Dəhlizin imkanlarının genişləndirilməsinə də töhfə verəcəyi vurğulayıb.
Enerji təhlükəsizliyi sahəsində Cənub Qaz Dəhlizi layihəsinin genişlənməsinin əhəmiyyətindən bəhs edən C.Bayramov bu istiqamətdə “yaşıl enerji” sahəsinin inkişafının prioritetimiz olduğunu bildirib.
Növbəti il ərzində ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir sözügedən tədbirin qlobal iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə olması üçün ölkəmizin bütün səylərini səfərbər edəcəyini söyləyib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran nazir hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, habelə Təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanların yarandığını qeyd edib. Ölkəmizin Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlı olduğu bir daha vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər