Ermənistan seçim qarşısında - Revanşizm, yoxsa sülh?

ermenistan-secim-qarsisinda
Oxunma sayı: 1048

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər yalnız işğal altındakı torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. Bu Qələbə, eyni zamanda, Azərbaycanın siyasi iradəsinin, dövlətçilik fəlsəfəsinin və milli birliyinin sınaqdan çıxdığı, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin yeni məzmun qazandığı tarixi mərhələnin başlanğıcıdır.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi fikirlər məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışı Azərbaycanın müharibədən sonrakı siyasətinin mahiyyətini, qarşıya qoyulan strateji vəzifələri və Ermənistanla münasibətlərdə sülhün hansı siyasi reallıqlar üzərində qurulmalı olduğunu anlamaq üçün mühüm çərçivə yaradır. Bu fikirlər, eyni zamanda, Ermənistanda hələ də revanşist düşüncələrə qapılan, müharibənin nəticələrini dəyişdirmək və Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri şübhə altına almaq istəyən qüvvələrə verilən güclü siyasi mesajdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın 2020-ci ildə qazandığı Qələbə uzun illər formalaşmış mürəkkəb siyasi və geosiyasi şəraitdə mümkün oldu. Təxminən otuz il davam edən işğal dövründə beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb etsə də, bu prinsiplərin praktik müstəvidə həyata keçirilməsi mümkün olmadı. BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edildi, münaqişənin həlli ilə bağlı müxtəlif təşəbbüslər irəli sürüldü, danışıqlar aparıldı, ancaq bütün bunlar işğalın aradan qaldırılması üçün kifayət etmədi. Bu tarixi təcrübə Azərbaycanın qarşısında mühüm bir həqiqəti ortaya qoydu: beynəlxalq hüquqa əsaslanan mövqeyin olması ilə həmin mövqenin real nəticəyə çevrilməsi arasında ciddi fərq var. Hüquqi əsasın siyasi iradə, hərbi qüdrət və milli birliklə tamamlanmadığı şəraitdə ədalətin bərpası uzana bilər.

Azərbaycan məhz bu reallığı nəzərə alaraq öz dövlət strategiyasını formalaşdırdı. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, ordunun müasirləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli həmrəyliyin qorunması ərazi bütövlüyünün bərpası kimi vahid məqsədə xidmət edirdi. İkinci Qarabağ müharibəsi həmin strategiyanın həlledici nəticəsi oldu. Lakin müharibədən sonra qarşıda başqa bir vəzifə dayanırdı: hərbi qələbəni siyasi və diplomatik müstəvidə möhkəmləndirmək, Azərbaycanın suveren hüquqlarını mübahisə mövzusu olmaqdan çıxarmaq və yeni reallıqların qəbulunu təmin etmək. Prezident İlham Əliyevin qurultaydakı çıxışında Azərbaycanın bu mərhələdə üzləşdiyi müqavimətə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Dövlət başçısı ölkəmizə qarşı aparılan kampaniyalardan, sanksiya təşəbbüslərindən və Azərbaycanın mövqeyinə qarşı yönəlmiş siyasi təzyiqlərdən danışarkən bir mühüm məqamı önə çəkir: Qələbənin nəticələrini qorumaq üçün yalnız müharibə dövründə deyil, sülh dövründə də qətiyyətli olmaq lazımdır. Beləliklə, Azərbaycanın Zəfərdən sonrakı siyasəti təkcə əldə edilən nailiyyətlərin qeyd olunması deyil, onların beynəlxalq müstəvidə möhkəmləndirilməsi prosesidir. Tarixi nəticə siyasi davamlılıq tələb edir. Qələbəni qazanmaq qədər onu qorumaq, onun yaratdığı imkanlardan dövlətin uzunmüddətli maraqları naminə istifadə etmək də strateji məsuliyyətdir.

Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Ermənistanın siyasi keçmişinə və bu gün həmin keçmişin necə təqdim olunmasına münasibətdir. Dövlət başçısı Ermənistanın əvvəlki rəhbərlərinin məsuliyyətini vurğulamaqla yanaşı, bütün baş verənləri yalnız keçmiş hakimiyyətlərin üzərinə qoymağın düzgün olmadığını bildirir. Bu yanaşma müharibənin səbəblərini və onun nəticələrini ayrı-ayrı siyasi dövrlərdən təcrid olunmuş şəkildə nəzərdən keçirməməyin vacibliyini göstərir. Elə məhz bu məqamda revanşizm təhlükəli məzmun alır. Müharibənin nəticələrini qəbul etməmək, keçmişin iddialarını yeni siyasi şüarlarla gündəmə gətirmək və cəmiyyətə əvvəlki vəziyyətin bərpa edilə biləcəyi fikrini aşılamaq sülh prosesinin mahiyyətinə ziddir. Belə düşüncə tərzi nə Ermənistanın uzunmüddətli təhlükəsizliyinə, nə də regionda etimad mühitinin formalaşmasına xidmət edir. Prezident İlham Əliyevin 2018-2020-ci illərin hadisələrinə diqqət çəkməsi də bu baxımdan əhəmiyyətlidir. Bu dövrü xatırlatmaqla Azərbaycan tərəfi münaqişənin tarixinin seçmə şəkildə təqdim edilməsinə, müharibəyə gətirib çıxaran proseslərin arxa plana keçirilməsinə etiraz edir. Çünki davamlı sülh üçün tarixə münasibət siyasi məqsədəuyğunluqdan deyil, faktların bütövlüyündən çıxış etməlidir. Ona görə də Prezident haqlı olaraq bildirir ki, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması sadəcə xoş niyyətin nəticəsi deyil. Burada hərbi-siyasi reallıqların, Azərbaycanın prinsipial mövqeyinin və uzun illər ərzində həyata keçirilən dövlət strategiyasının rolu nəzərə alınmalıdır. Azərbaycan üçün sülhün əsas şərti öz suveren hüquqlarının mübahisəsiz tanınması və bu prinsiplərin praktikada qorunmasıdır. Əlbəttə ki, burada sülhü birtərəfli güzəşt kimi təqdim etmək doğru olmaz. Sülh müharibənin nəticələrini dəyişdirmək cəhdi deyil, qarşılıqlı öhdəliklərə və beynəlxalq hüquqa əsaslanan münasibətlər sisteminin qurulmasıdır. Azərbaycanın sülh gündəliyi ilə Ermənistanın revanşist dairələrinin yanaşmaları arasındakı əsas fərq də məhz bu nöqtədə üzə çıxır: biri yeni reallıqlar əsasında gələcəyə yönəlməyi, digəri isə keçmiş münaqişənin siyasi nəticələrini yenidən nəzərdən keçirməyi hədəfləyir. Bu səbəbdən Ermənistanın siyasi elitası və ictimaiyyəti üçün əsas sual keçmişdə kimin hansı bəyanatı verməsi ilə məhdudlaşmamalıdır. Əsas məsələ budur: regionun gələcəyi hansı siyasi seçimlər üzərində qurulacaq? Yeni müharibə risklərini artıran iddialar üzərində, yoxsa suverenliyin qarşılıqlı tanınması və iqtisadi əməkdaşlıq üzərində? Bu suala veriləcək cavab təkcə Ermənistan-Azərbaycan münasibətlərinə deyil, Cənubi Qafqazın uzunmüddətli inkişafına da təsir göstərəcək.

Prezident İlham Əliyevin çıxışında hərbi gücün artırılmasının zəruriliyinə xüsusi yer ayrılması ilk baxışda müharibədən sonrakı şəraitlə ziddiyyət təşkil edə bilər. Axı Azərbaycan 44 günlük müharibədə Qələbə qazanıb, 2023-cü ilin sentyabrında suverenliyini bərpa edib, Ermənistanla sülh gündəliyi üzrə danışıqlar aparıb. Belə olan halda, hərbi potensialın gücləndirilməsi hansı zərurətdən irəli gəlir? Bu suala cavab dövlət təhlükəsizliyinin mahiyyətindədir. Sülhün mövcudluğu ilə təhlükəsizliyin təmin olunması eyni anlayışlar deyil. Sülh siyasi razılaşmalar, diplomatik təmaslar və qarşılıqlı öhdəliklərlə möhkəmləndirilir. Təhlükəsizlik isə bunlarla yanaşı, dövlətin öz suverenliyini qorumaq imkanlarından da asılıdır. Prezidentin vurğuladığı hərbi güc amili Azərbaycanın gələcək təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri kimi çıxış edir. Çünki beynəlxalq münasibətlər sistemində siyasi şərait dəyişə, dövlətlərin maraqları toqquşa, mövcud razılaşmalara münasibət yenidən nəzərdən keçirilə bilər. Bu şəraitdə müdafiə qabiliyyətinin qorunması dövlətin öz qərarlarını müstəqil qəbul etmək imkanını təmin edən amillərdəndir. Ermənistanda revanşist mövqelərdən çıxış edən qüvvələrin də bu məqamı nəzərə alması vacibdir. Onlar bilməlidir ki, Azərbaycanın müdafiə qabiliyyətini gücləndirməsi suverenliyini və təhlükəsizliyini qorumaq siyasətinin tərkib hissəsidir.

Bununla belə, əsl strateji məqsəd hərbi qarşıdurmanın təkrarlanmasına ehtiyac yaratmayan siyasi şəraitin formalaşdırılmasıdır və Azərbaycan bu istiqamətdə uğurla irəliləyir. Təsadüfi deyil ki, Azərbaycanın müharibədən sonrakı siyasətinin mühüm istiqamətlərindən biri regional münasibətlərin normallaşdırılmasıdır. Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması və iqtisadi münasibətlərin qurulması bu gündəliyin müxtəlif istiqamətləridir. Odur ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi yolun bir neçə mühüm nəticəsini önə çıxarır. Birincisi, dövlətin milli maraqlarını qorumaq üçün siyasi iradə, iqtisadi potensial, hərbi güc və milli birlik bir-birini tamamlamalıdır. İkincisi, hərbi uğur siyasi və diplomatik müstəvidə davam etdirilmədikcə onun yaratdığı imkanlardan tam istifadə etmək mümkün deyil. Üçüncüsü, sülhün qorunması yalnız bəyanatlarla deyil, suverenliyə hörmət, qarşılıqlı öhdəliklər və məsuliyyətli siyasi qərarlarla təmin olunur. Ona görə də Ermənistanda revanşist xülyalara qapılanlar anlamalıdırlar ki, regionun gələcəyi keçmişin münaqişələrini yenidən canlandırmaq üzərində qurula bilməz. Müharibənin nəticələrini dəyişdirmək cəhdləri əvəzinə, yeni reallıqların qəbul edilməsi və gələcək nəsillər üçün təhlükəsiz siyasi mühitin yaradılması şərtdir.

Yunis Orucov

Əməkdar jurnalist