Ermənistan aviaşirkəti fəaliyyətini dayandırdı

ermenistan-aviasirketi-fealiyyetini-dayandirdi
Oxunma sayı: 263

Ermənistanın “Armenian Airlines” aviaşirkəti aviasiya yanacağının qiymətlərinin kəskin artması səbəbindən fəaliyyətini tamamilə dayandırmaq və sektordan çıxmaq qərarına gəlib. Şirkət bütün uçuşlarını ləğv edib və istismarçı sertifikatını (AOC) müvafiq qurumlara geri qaytarmaq prosesinə başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, İrandakı müharibədən sonra qlobal miqyasda yanacaq qiymətlərinin bahalaşması şirkətin fəaliyyətini iqtisadi cəhətdən səmərəsiz edib.

Qərardan dərhal sonra aviaşirkətin rəsmi internet saytı da deaktiv edilib.

2021-ci ildə təsis edilən və 2023-cü ilin martından kommersiya uçuşlarına başlayan “Armenian Airlines”, əsasən, Rusiya şəhərlərinə reyslər həyata keçirirdi. Köhnəlmiş “Airbus A321” təyyarələrini yeniləmək məqsədilə 2025-ci ilin aprelində uçuşları müvəqqəti dayandıran şirkət 2026-cı ilin payızında fəaliyyətini bərpa etməyi planlaşdırırdı.

Bu çərçivədə donanmaya “Boeing 737-800” təyyarəsi cəlb olunmuş və noyabrın 12-də İrəvandan Türkiyənin Muğla vilayətinin Bodrum şəhərinə xüsusi reys icra edilmişdi. Lakin son qərarla həmin “Boeing 737-800” təyyarəsi də istismardan çıxarılaraq Türkiyəyə gətirilib.

Qeyd edək ki, “Armenian Airlines” bazarı tərk etdikdən sonra Ermənistanda əsas daşıyıcı kimi “FlyOne Armenia” şirkətinin fəaliyyətini davam etdirəcəyi gözlənilir.