Noyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin geniş tərkibdə görüşü keçirilib.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, müzakirələr Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin bütün spektrini, strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini, eləcə də regional və beynəlxalq məsələləri əhatə edib.
Nazirlər tarixi əlaqələrə, mehriban qonşuluğa, qarşılıqlı hörmət və etimada əsaslanan iki ölkə arasında uzunmüddətli dostluq və strateji tərəfdaşlığın əhəmiyyətini bir daha təsdiqləyiblər. Onlar müntəzəm yüksəksəviyyəli təmasların, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin və digər institusional mexanizmlərin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsindəki rolunu vurğulayıblar.
İqtisadi və ticarət əlaqələrinə, bu sahədə müşahidə olunan müsbət dinamikaya, qarşılıqlı investisiyaların və biznes əlaqələrinin təşviqinə, eləcə də ikitərəfli ticarətin şaxələndirilməsinə xüsusi diqqət yetirilib. İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sonuncu iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyi də vurğulanıb.
Nazirlər ikitərəfli enerji əməkdaşlığının regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfəsini qeyd ediblər. Həmçinin təbii qaz və elektrik enerjisinin təchizatı və tranziti ilə bağlı razılaşmalardan irəli gələn imkanlar, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq müzakirə olunub. Xəzər dənizi-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin inkişaf etdirilməsinin əhəmiyyəti də vurğulanıb.
Nazirlər regional nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsində Orta Dəhlizin strateji rolunu qeyd edib, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işlərinin başa çatmasını alqışlayıblar.
Xalqlar arasında təmasların, turizm, təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi də vurğulanıb.
Nazirlər regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apararaq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Gürcüstan əməkdaşlığından məmnunluqlarını ifadə ediblər. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı da daxil olmaqla, regional əməkdaşlıq platformalarının əhəmiyyəti qeyd olunub.
Müzakirələr zamanı Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi, regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi istiqamətində səylərə də toxunulub. Nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində atdığı konkret addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Gürcüstan vasitəsilə Ermənistana neft məhsullarının ixracına başlanılması barədə məlumatlandırıb. Gürcüstanın bu prosesə verdiyi töhfə yüksək qiymətləndirilib.
Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və mina təhlükəsindən irəli gələn çağırışlar barədə məlumat verib.
Nazirlər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Son Xəbərlər