“Səhər saat 11-dən axşam 18:00-dək suyumuz gəlmir. Sonra bir neçə saat verilir və yenidən axşam saat 11-dən səhər saat 7-dək suyun verilişi dayandırılır. Gün ərzində cəmi bir neçə saat su görürük. Bəzən üzümüzü yumağa su tapmırıq”.
Bu şikayətlə “Qafqazinfo”ya Bakının Xətai rayonu, İnqilab İsmayılov küçəsinin sakinləri müraciət ediblər. Onların sözlərinə görə, yaşadıqları binalarda əvvəllər su çənləri olduğundan bu problem o qədər də hiss olunmayıb. Lakin bütün çənlərin yığışdırılmasından sonra vəziyyət dözülməz həddə çatıb.
Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, həmin ünvana suyun verilişi əvvəldən qrafik üzrə həyata keçirilib: “Həmin istiqamət fasilə ilə su alan əraziyə aiddir. Bizim texniki imkanlarımız hazırda ora qrafiklə su verməyə imkan verir. Gün ərzində 4 saat səhər, 4 saat axşam su verilir. Hazırda Bakı şəhərinin 81,6 faizi fasiləsiz su ilə təmin olunub. Gələcəkdə şəhərin digər ərazilərində, o cümlədən, sözügedən ünvanda da fasiləsiz su təminatı həyata keçiriləcək”.
Su çənlərinin yığılmasına gəlincə isə, Xətai rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, 2019-cu ildə imzalanan Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı sərəncamdan sonra təmir işləri aparılan binaların damında və liftlərin “motorxana”larında olan dəmir su çənləri yığışdırılıb. Buna səbəb həmin çənlərin binalara əlavə yük olması, həmçinin çənlərdən axan sızıntılardır. Lakin bununla bağlı vətəndaşlara bildirilib ki, bina təmir olunandan sonra, 24 saatlıq su təminatı olmayan ərazilərdə tutumu 500 litrə qədər olan plastik su çənləri qoyula bilər.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər