Bu yazıya başlıq tapa bilmədim...

bu-yaziya-basliq-tapa-bilmedim
Oxunma sayı: 7033

İstanbulda əyləşdiyimiz taksinin sürücüsü danışığımızdan haralı olduğumuzu dəqiqləşdirməyə çalışır.

Fikirləşir, fikirləşir, fikirləşir...

Birdən ağzı açılırr: 

- Həə, irani?, farsi?

Gözüm bərəlir və şokdayam...

- Bir dakika, bulucam. Neydi o? Az, az, az... aaa, evet, azeri?

Deyirəm ki, siz heç ömrünüzdə televizora baxmamısınız? 

Sırtıqcasına gülür...

Sürücü Muşdan idi. Mən ən azından Muşun adını eşitmişdim.

“Beşiktaş” - “Neftçi” matçı üçün gəlmişik.

Taksidən söz düşmüşkən, xaricdən gələn qonaqlar üçün bu nəqliyyat növü İstanbulda tam bir fəlakətdir. Taksi tapıb bir ünvandan başqa bir ünvana getmək üçün, azı 20-30 dəqiqə vaxtın gedir. Amma Bakıda bu, belə deyil. Heyif deyil, “Prius”?

Onu da qeyd edim ki, Türkiyədə “Ticari taksi” nömrəsi almaq olduqca bahadır - 7 milyon türk lirəsi, bizim pulla 439 min manat! Bu səbəbdən taksi sürücüləri nömrə sahiblərinə hər ay 2 min manata yaxın ödəniş edirlər.

Oyun günüdür. Səhər tezdən əlimə Türkiyənin məşhur “Fanatik” qezeti keçir. Ölkənin önəmli nəşrlərindən olan qəzet “Beşiktaş” - “Neftçi” matçına cəmi bir cümləlik xəbər ayırıb.

Axşam matçın fasiləsində bunun səbəbini qəzetin köşə yazarı, eyni zamanda, “Beşiktaş” müxbiri olan Orhan Yıldırımdan soruşuram. Deyir, bizim üçün önəmli olan transfer xəbərləridir. Transfer xəbəri varsa, oxuyacaqlar, yoxdursa, heç qəzetin üzünə də baxan olmayacaq.

Amma bu cavab mənim üçün qanedici olmur. Məncə, xəbərin bir cümlədən ibarət olması rəqibin gücündən asılıdır.

Sosial medianın və elektron KİV-in sürətlə inkişaf etməsi qəzetin satışına da təsir edib. Bir neçə il öncəyədək “Fanatik”in gündəlik satışı 400 minədək olub. Amma indi bu rəqəm gündəlik 40-70 min arası dəyişir. 

“Amma Yaponiyada belə deyil. 120 milyondan çox əhalisi var, gündəlik 90 milyon qəzet alınır” - Orhan Yıldırım deyir.

“Bəs, sizdə qəzetlər nə yerdədir?” sualı qarşısında isə susuram. Deyirəm, gedək, ikinci hissə başladı...

Günorta “Yeni Şafak” qəzetinin nəhəng binasını görəndən sonra nə cavab verim? 

Oyun barədə bir qədər sonra...

Matça qədər olan vaxtdan istifadə edib “Panorama 1453” tarix muzeyinə gedirik.

İstər yerli, istərsə də, əcnəbi jurnalistlər üçün muzeyə daxil olmaq ödənişsizdir. Bunun üçün press-kartı təqdim etmək kifayətdir. Muzeyə giriş bileti yerli vətəndaşlar üçün 60 TL (3.7 AZN), əcnəbilər üçün isə 300 TL-dir (18.80 AZN).

Bu, dünyada ilk panorama muzeyidir. 2009-cu ildə istifadəyə verilən muzey ziyarətçilərinə İstanbulun fəthini yenidən yaşadır. 12 dəqiqəlik, 3D formatında təqdimat sayəsində 570 il öncəyə gedib qapalı məkanda açıq savaşın ortasına  “düşürsən”.

Sonda 21 yaşlı Fatih Sultan Mehmedin “Kerkoporta” qapısından girişi təqdim olunur - fonda isə “Mehter” marşı. O an adamın tükləri nizəyə çevrilir...

O anı daha yaxşı ifadə etmək üçün çəkdiyim 54 saniyəlik video:

53 günlük savaşın zəfər təqdimatı izləyiciyə alqışlamaqdan başqa çarə buraxmır.

Oyuna 4-5 saat vaxt qalıb. İstanbulun tıxacına görə “Sheraton” hoteldəki nahar yeməyinə özümüzü çatdıra bilmədiyimizdən, bunu “Qol.az”dan olan həmkarım Ramiq Ağaməmmədovla Beyoğlundakı məhəlləarası restoranların birində edirik. 

Sifariş vermək üçün ofisiantı çağırırıq:

- Bakarmısınız?

Ofisiant bizə yaxınlaşıb xarici dildə danışır. İlk baxışdan onun bizi əcnəbi olduğumuzu zənn etdiyini düşünürəm:

- Abi, türkcə bilirəm, türkcə danış...

- Ben arab...

İki sözdən ibarət bu cavab İstanbulun indiki halını tamamilə özündə əks etdirir. Buna görə də, əlavə şərh vermək istəmirəm.

Stadiona gəlirik, matçın başlamasına sayılı dəqiqələr qalıb. Arenada sözləri və musiqisi Novruz Feyzullayevlə aid “Yandırdın qəlbimi, aman!” mahnısı Petek Dinçözün ifasında səsləndirilir. İki qardaş ölkənin klublarının qarşılaşması olduğunu göstərən bu mahnıdan başqa heç olmadı.

Bu cümləni həm də “Neftçi” - “Beşiktaş” matçının Bakı Olimpiya Stadionda keçirilməsini istəyən azərbaycanlı futbol azarkeşləri üçün qeyd edirəm. Ki, nə yaxşı, “Neftçi” rəhbərliyi Bakıda bu səhvə yol verib BOS-a üz tutmamışdı.

Cavab matçı başlayır. Türkiyə klubu Bakıda 3:1 hesablı qələbənin rahatlığı ilə meydana əsasən, ikinci heyəti ilə çıxır. “Neftçi”nin start heyətində isə 11 futbolçudan yalnız biri - Emin Mahmudov azərbaycanlıdır. Elə onun 36-cı dəqiqədə vurduğu qol sayəsində də növbəti mərhələ ilə bağlı ümidlərimiz cücərir.

Möcüzəyə yol vermək istəməyən Şenol Günəş, ikinci hissədə meydana Abubakarı buraxır və o da demək olar ki, matçın taleyini həll edir.

Matçdan sonra telekanalların birində oyunu şərh edən “Beşiktaş”ın sabiq futbolçusu Batuhan Karadeniz “Neftçi”ni “rəzalət takım” və oyunu “qazozuna matç” adlandırır. Aydın məsələdir, Azərbaycan klubu “Beşiktaş” səviyyəsində deyil, bu komandaları güc və imkanları baxımından da müqayisə etmək yersizdir. 

Amma özündən zəif rəqibi bu formada aşağılamaq ən mədəni dillə desək, tərbiyəsizlik və cahillikdir. Bu matç bir-iki aya unudulacaq, amma Batuhan Karadeniz, 16 yaşında ikən heyətində yer aldığı “Beşiktaş”ın “Liverpul”a 0:8 hesabı ilə uduzmasını hələ də xatırlayır. Üzərindən 16 il keçsə belə...

Elə biz də, dünya da...

Emin Səfərov