​“Bu məsələni bir də düşünməliyik, çünki hələ vəziyyət yaxşılaşmayıb”

bu-meseleni-bir-de-dusunmeliyik-cunki-hele-veziyyet-yaxsilasmayib
Oxunma sayı: 385

“TRIPP layihəsində ən başda məsələlərdən biri Naxçıvanın indiki durumu ilə bağlıdır. Bildiyiniz kimi, hələ ki, bu yol yoxdur və İran üzərindən də bölgədə yaranmış vəziyyətə görə sabit daşınmalar imkanı heç də arzuolunan səviyyədə deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

“Bizim büdcədə də bu il Naxçıvana ayrılan dotasiya 198 milyon manat nəzərdə tutuldu. Bu da ötənilkindən 6.4% aşağıdır. Fikrimcə, bu məsələ üzərində biz bir də düşünməliyik. Çünki yaxşılaşan vəziyyət hələ ki, yoxdur. Orada hansısa islahatların, iqtisadi canlanmanın həyata keçirilməsi üçün çox ciddi təşəbbüslər gedir.

Yeni idarəedicilər də bu istiqamətdə çox ciddi çalışırlar. Amma bütün məsələlərin sonu gəlib yol məsələsinə çıxır. Yol açılmadıqca hansısa bir ciddi layihəni arzuolunan səviyyədə həyata keçirmək mümkün olmur. Burada həm də bir az sosial problemlər daha çoxdur. İşsizliklə bağlı məsələlər də ciddi narahatlıq doğurur. Bəzən də deyək ki, səhiyyə sahəsində müəyyən kadrların böyük əksəriyyətinin Bakıda daha çox olması və orada bu sahədə müəyyən problemlər olduğunu nəzərə alaraq əhalinin, xüsusilə də müəyyən xəstəliyə düçar olunmuş insanların Bakıya gəlib-getmə məsələsində ciddi problemlər yaranır. Bəzən insanlar müalicə olunmaqdan belə çəkinirlər, çünki təyyarəyə bilet alıb gəlmək, yanında iki-üç nəfərlə gəlib bu müalicəni həyata keçirmək mümkün olmur. Ona görə də mən düşünürəm ki, hələ yollar açılmadıqca bu dotasiyanı azaltmaq doğru addım olmazdı. Bu məsələdə düşünmək lazımdır. Hökumət başqa imkanları nəzərə alaraq bunu əksinə artırmalıdır ki, heç olmasa xəstəliyə düçar olunmuş insanlar pulsuz, ödənişsiz bir dəfə gəlib-getmə imkanı əldə eləsinlər ki, ən azı həyatlarını sürdürə bilsinlər”, - komitə sədri qeyd edib.

Nuranə Daxilqızı