Braziliyada U20 Çempionatı İkinci Liqasının yarımfinal matçında baş verən kütləvi dava futbol tarixinin ən böyük cəza dalğası ilə yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, “Uberlandiya” və “Mamore” komandaları arasında keçirilən qarşılaşmada hakim ümumilikdə 53 qırmızı vərəqə göstərərək, 2011-ci ilə aid olan dünya rekordunu yeniləyib.
“Mamore”nin 3-1 hesabı ilə öndə olduğu matçın 54-cü dəqiqəsində Davi Fernandes Bittenkourt komandasının üçüncü qolunu vurduqdan sonra rəqib ehtiyat oyunçularına qarşı təxribat xarakterli jestlər edib. Bundan sonra “Uberlandiya”nın qapıçı məşqçisi Paulo Serjio Dias dos Santos meydana qaçaraq rəqib oyunçunu itələyib və tərəflər arasında yumruq və təpikli dava düşüb.
Hər iki komandanın oyunçuları, məşqçilər heyəti, menecerlər və topçuların da qatıldığı insident zamanı hakim Fernando Patrik matçı dayandıraraq meydanı tərk etməyə məcbur qalıb. Hakimin hesabatına əsasən, davadan sonra 43 oyunçu, 8 məşqçi və 2 menecer olmaqla, 53 nəfər qırmızı vərəqə ilə cəzalandırılıb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra oyun təxminən 40 dəqiqə dayanıb.
Gərginlik təkcə yaşıl meydançada deyil, həm də stadionun daxilində davam edib. Polis qeydlərinə görə, stadionda təxminən 14 qapı sındırılıb, tualetlər, duş kabinələri, taxta skamyalar, elektrik naqilləri və hidromasaj vannaları zədələnib. Hakimin hesabatında həmçinin “Mamore”nin soyunma otağının vandalizmə məruz qaldığı qeyd olunub. Polisin hadisə yerinə çağırılmasından sonra araşdırma başlanıb.
Yarımfinalın cavab oyununun noyabrın 8-də keçirilməsi planlaşdırılır, lakin hər iki komandanın meydana necə heyətlə çıxacağı hələlik qeyri-müəyyəndir.
Qeyd edək ki, bir matçda göstərilən qırmızı vərəqə üzrə əvvəlki dünya rekordu 2011-ci ildə Argentinada “Club Atletico Claypole” və “Victoriano Arenas” komandalarının matçında qeydə alınmışdı (36 qırmızı vərəqə).


Son xəbərlər
Son Xəbərlər