Sevda Həsənova və Yeganə Mirzəyeva biznesə necə başladıqlarından, qarşılaşdıqları çətinliklərdən və onları irəli aparan məqsədlərdən danışırlar.
Sevda xanım Bakıda suşi biznesinə başladığını İnstaqramda qısa bir elanla bildirib: “Biz açılırıq!” Yeganə xanım isə “Düşbərə Evi”nin ilk qazancını bir gəncin magistraturaya hazırlığına dəstək üçün istifadə etdiklərini xatırlayır. Biri bazarda gördüyü fürsəti dəyərləndirib, digəri təhsilə dəstək vermək istəyini biznesə çevirib.
Suşini daha əlçatan etmək ideyası
Sankt-Peterburqda doğulub böyüyən Sevda xanım biznesə başlamazdan əvvəl bazarı araşdırıb. Suşinin böyüdüyü şəhərdə ən populyar yeməklərdən biri olduğu halda, Azərbaycanda hələ o qədər də geniş yayılmadığını görüb və özünə sual verib: “Niyə də olmasın?” Beləcə, 2017-ci ildə vətənə gəlmək və Bakıda suşini daha münasib qiymətə təqdim edən biznes qurmaq qərarı verib.
İdeyanı həyata keçirərkən qarşılaşdığı çətinliklərdən biri tərəfdaşlarla münasibətlər olub.
“Biznes tərəfdaşlarımla bərabərhüquqlu münasibətlər qurmaq mənim üçün ən çətin məsələlərdən biri idi”, - Sevda xanım deyir.
İş böyüdükcə məsuliyyət və narahatlıq da artıb. O, sahibkarlığın bu tərəfini açıq ifadə edir: “Biznesin nə qədər böyüyürsə, onu itirmək qorxun da bir o qədər artır.” Bununla belə, Sevda xanım qorxularına qalib gəlməyi və irəliləməyi inkişafın vacib hissəsi sayır.
Bu gün onun biznesində əsas yeri çatdırılma və tərəfdaşlarla əməkdaşlıq tutur. Sevda xanım restoran fəaliyyətini genişləndirərək gündəlik nahar və xüsusi günlər üçün keyfiyyətli suşini münasib qiymətə təqdim etməyə yönəlib. Məhsulun müştəriyə rahat çatdırılması artıq biznes modelinin əsasını təşkil edir.
Evdə bükülən düşbərədən sosial sahibkarlığa
Yeganə Mirzəyevanın “Düşbərə Evi”nə aparan yolu müəllim işlədiyi illərdə başlayıb. Əvvəl tələbələrə kitab almaqla dəstək göstərib, sonra dost-tanışların köməyi ilə abituriyentlərin hazırlıq xərclərinin qarşılanmasına da töhfə verməyə başlayıb.
Restoranın təməli isə evdə qoyulub. Yeganə xanım rəfiqələri və tələbələri ilə düşbərə və dolma hazırlayıb satıb, gəliri xeyriyyə və maarifləndirmə təşəbbüslərinə yönəldib. Zamanla bu işi genişləndirmək və öz restoranlarını açmaq qərarına gəliblər. Dostlarının maliyyə dəstəyi ilə “Düşbərə Evi” yaranıb.
“Cığır” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən restoran həyat yoldaşını itirmiş qadınlara və ata himayəsindən məhrum olmuş uşaqlara dəstək verir. Gəlirin bir hissəsi gənclərin təhsilinə yönəldilir.
Bu yolda maliyyə çətinlikləri ilə yanaşı, ətrafdakıların inamsızlığı ilə də qarşılaşıblar. Yeganə xanım qida sahəsində uğur qazana bilməyəcəklərini deyən insanları xatırlayır: “İnsanlar bizə inanmadılar, güvənmədilər. Amma biz özümüzə inandıq.”
Yeganə xanımın qürurla danışdığı mövzulardan biri də komandasıdır. Restoran qadınlar və tələbələr üçün ilk iş təcrübəsini qazanmaq imkanı yaradır. Əməkdaşların peşə bacarıqlarının inkişafına, təlimlərə və psixoloji dəstəyə də vəsait ayrılır. Burada işləmək həm gəlir əldə etmək, həm də yeni bacarıqlar qazanmaq fürsətidir.
Hər iki sahibkar biznesini inkişaf etdirmək üçün onlayn satış imkanlarından da yararlanır. Onların restoranları “Bolt Food”un tərəfdaşı olaraq məhsullarını platforma vasitəsilə də müştərilərə təqdim edir.
“Biznesini yeni quran sahibkar üçün hansı məhsulların daha çox sifariş edildiyini və satışların necə dəyişdiyini bilmək vacibdir. Bolt Food-un tərəfdaş portalı satış və sifariş göstəricilərini təhlil etməyə, müştəri rəylərini izləməyə, həmçinin satışları artırmağa yönəlmiş aksiyalarda və kampaniyalarda iştirak etməyə imkan verir. Bu alətlər sahibkarlara gündəlik fəaliyyətlərini müştərilərin tələbatına uyğun planlaşdırmağa, kampaniyaların nəticələrini qiymətləndirməyə və bizneslərinin inkişafı üçün daha əsaslı qərarlar verməyə kömək edir”, - “Bolt Food”un Azərbaycandakı rəhbəri Dilarə Tomtiyeva qeyd edib.
