“Bəzi hallarda bu gecikmə şəxsin hüquqlarına ciddi zərər vura bilər”

bezi-hallarda-bu-gecikme-sexsin-huquqlarina-ciddi-zerer-vura-biler
Oxunma sayı: 1282

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi vətəndaşların hüquqlarının müdafiəsi və ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Deputat qeyd edib ki, xüsusilə aztəminatlı şəxslərin, məişət zorakılığından zərər çəkənlərin, yetkinlik yaşına çatmayanların və digər həssas qrupların dövlət hesabına hüquqi yardımla təmin edilməsi müsbət addımdır: “İlkin və peşəkar hüquqi yardımın fərqləndirilməsi, müraciətlərə baxılması müddətlərinin müəyyən edilməsi və imtina qərarlarından şikayət imkanının yaradılması da təqdirəlayiqdir.

Bununla yanaşı, hesab edirəm ki, qanunun daha səmərəli işləməsi üçün bir neçə məsələyə də diqqət yetirilməlidir.

Birinci mühüm məsələ təcili hüquqi müdafiəyə ehtiyacı olan şəxslərlə bağlıdır. Layihədə müraciətlərə baxılması üçün 7 iş günü və digər müddətlər nəzərdə tutulsa da, bəzi hallarda hüquqi yardımın gecikməsi şəxsin hüquqlarına ciddi zərər vura bilər. Xüsusilə məişət zorakılığından zərər çəkənlərə, inzibati qaydada tutulmuş şəxslərə və təcili müdafiəyə ehtiyacı olan digər şəxslərə yardımın operativ göstərilməsi üçün sadələşdirilmiş prosedurun müəyyən edilməsi məqsədəuyğun olardı.

İkincisi, hüquqi yardımın göstərilməsi ilə yanaşı, onun keyfiyyətinə də ciddi diqqət yetirilməlidir. Layihədə hesabatlılıq nəzərdə tutulsa da, göstərilən xidmətin keyfiyyətinin qiymətləndirilməsi və vətəndaşların şikayətlərinin araşdırılması mexanizminin daha konkret müəyyənləşdirilməsinə ehtiyac var. Dövlət büdcəsindən vəsait ayrılırsa, həmin vəsait hesabına göstərilən hüquqi yardımın real nəticəsi də qiymətləndirilməlidir. Vətəndaş yalnız vəkillə təmin olunmamalı, həm də hüquqlarının lazımi səviyyədə müdafiə edilməsinə əmin olmalıdır.

Eyni zamanda, regionlarda hüquqi yardımın əlçatanlığı məsələsi də diqqətdən kənarda qalmamalıdır. Bəzi rayonlarda vəkillərin sayı və iş yükü vətəndaşların hüquqi yardıma vaxtında çıxışına təsir göstərə bilər. Məsələn, təmsil etdiyim Lerik rayonunda cəmi bir vəkil fəaliyyət göstərir. Buna görə də regionlar üzrə vəkilə olan tələbatın mütəmadi təhlili, ehtiyac olan ərazilərə əlavə vəkillərin cəlb edilməsi və məsafədən hüquqi məsləhət imkanlarının genişləndirilməsi də vacibdir. Məqsəd ondan ibarət olmalıdır ki, vətəndaşın harada yaşaması onun hüquqi müdafiə imkanlarına əlçatanlığı məhdudlaşdırmasın.

Hesab edirəm ki, bu təkliflərin qanun layihəsinin müzakirəsi zamanı nəzərə alınması onun tətbiqini daha səmərəli edər. Pulsuz hüquqi yardım sosial dəstək tədbiri olmaqla yanaşı, insanların qanun qarşısında hüquqlarının qorunmasına xidmət edən mühüm dövlət təminatıdır. Əsas məqsədimiz bu təminatın yalnız qanunda təsbit olunması deyil, onun hər bir ehtiyacı olan vətəndaş üçün real və əlçatan olmasıdır”.

Nuranə Daxilqızı