“Barselona” onu 100 milyona satmaq istəyir

barselona-onu-100-milyona-satmaq-isteyir
Oxunma sayı: 894

“Barselona” 23 yaşlı hücumameyilli yarımmüdafiəçisi Fermin Lopesin transferi ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Caught Offside” portalı məlumat yayıb.

Məlumata görə, Kataloniya təmsilçisinin rəhbərliyi futbolçudan ayrılmaq niyyətində olmasa da, klubdakı maliyyə çətinlikləri səbəbindən onun transfer hüquqlarını təxminən 100 milyon avro qarşılığında güzəştə getməyə razıdır.

Nəşr yazır ki, ispaniyalı yarımmüdafiəçinin xidmətində Londonun “Çelsi” və Fransanın PSJ klubları ciddi şəkildə maraqlanır. Paris təmsilçisinin artıq transferin reallaşdırılması üçün rəsmi təklif hazırladığı bildirilir.

Xatırladaq ki, Lopes bundan əvvəl “Çelsi”nin təklifini rədd edərək “Barselona”da qalmağı üstün tutmuş və ardınca klubla 2031-ci ilə qədər nəzərdə tutulan yeni uzunmüddətli müqavilə imzalamışdı.

23 yaşlı futbolçu 2023-cü ildən “Barselona”nın əsas heyətində çıxış edir. O, bu müddət ərzində keçirdiyi 148 matçda 37 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb. La Liqanın cari mövsümündə isə 9 oyuna çıxan yarımmüdafiəçi 4 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı Fermin Lopesin transfer dəyərini 110 milyon avro qiymətləndirir.